“Gürcüstan hökuməti öz ərazi bütövlüyünün bərpasının və ölkənin birləşdirilməsinin sülh yoluna sadiq qalır”.
“AzPolitika.info” xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin 2008-ci il Rusiya işğalının 15 illiyinə həsr olunmuş bəynatatında belə deyilir.

Qaribaşvili bildirib ki, 2008-ci il Rusiya işğalı çoxsaylı insan tələfatı, əhalinin məcburi yerdəyişməsi və ərazilərin işğalı faktları ilə Gürcüstanın suverenliyi üçün əsas çağırış olaraq qalır. Buna baxmayaraq, Baş nazir hesab edir ki, Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsinin sülh yolundan başqa bir variantı yoxdur. O, bildirib ki, güclü, bütöv və sülh tərəfdarı olan Gürcüstan təkcə gürcülər yox, osetinlər, abxazlar və Gürcüstan torpaqlarında yaşayan bütün digər xalqlar üçün də ən yaxşı perspektivdir. Bu, Gürcüstandakı “Gürcü arzusu” hakimiyyətinin rəsmi mövqeyidir.
Rusiyanın 2008-ci il işğalının 15 illiyi ilə bağlı həmin vaxt rəsmən Rusiyanın Prezidenti olmuş Dmitri Medvedev də öz sosial şəbəkə səhifəsində paylaşım edib. Açıq-aşkar Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü təhdid edən Medvedev həmin vaxt kiçik Gürcüstanın işğal edilməsini Rusiyanın tarixi uğuru, qələbəsi kimi təqdim edib və o vaxtkı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin ünvanına təhqirlər yağdırıb: “Düz 15 il əvvəl Rusiya qətiyyətli şəkildə Tsxinvaliyə edilən xain hücuma və işğalçıya cavab verdi. Başı xarab Saakaşvilinin arxasında Rusiyanın həndəvərində vəziyyəti gərginləşdirmək istəyən Qərb dururdu. Bizim silahlı qüvvələr 5 gün ərzində qudurmuş millətçiləri tez və sərt şəkildə cəzalandırdı, bizim Abxaziyada və Osetiyada yaşayan insanlarımızı qorudu, yeni dövlətlərin(Abxaziya və Cənubi Osetiya nəzərdə tutulur-red.) Rusiyanın dəstəyi ilə inkişafına şərait yaratdı”.
Medvedev əlavə edib ki, Rusiya 2008-ci ildə olduğu kimi, indi də Ukraynada öz istədiklərinə nail olacaq və o vaxtkı kimi yalnız Moskvanın şərtləri daxilində münaqişə başa çatdırılacaq.
Göründüyü kimi, Gürcüstan hökumətinin sülhpərvər ritorikasına, Moskvaya qarşı loyal münasibətinə, hətta bir çox Qərb təşkilatlarının və dövlətlərinin bildirdiyi kimi, Kremlə Qərb sanksiyalarından yayınmaq üçün yardım etməsinə baxmayaraq, Rusiyanın işğalçı tərzi qətiyyən dəyişmir. Odur ki, nə beynəlxalq hüququ, nə qonşu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü tanımayan Rusiyadan sülh yolu ilə işğal olunmuş torpaqları geri qaytaracağını düşünmək sadəlövhlük kimi görünür.
Medvedevin bu açıqlaması isə bir daha göstərir ki, Rusiya güc, özündən zəifi əzmək, işğal etmək, zorakılıq, müharibə dilindən başqa bir dil bilmir...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər