Rusiya yaxın vaxtlarda Şimali Kipr Türk Respublikasında (KKTC) konsulluq açmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın rəsmi “TASS” xəbər agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, konsulluq KKTC-nin paytaxtı Lefkoşa şəhərində açılacaq.

Bu barədə Türkiyə mətbuatına açıqlamalar verən KKTC Prezidenti Ersin Tatar Rusiya rəsmilərinin onunla və Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını və konsulluq açmaq üçün müraciət edildiyini bildirib. Tatar nümayəndəliyin tezliklə açılacağını vurğulayıb.

“Onlar Rusiya vətəndaşlarının KKTC-də viza və digər prosedurlarını həll etmək üçün belə bir addım atıblar. Bu məsələ uzun müddətdir ki, Rusiyanın gündəmində idi. Xatırladım ki, ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın uzun müddətdir Kiprdə konsulluqları fəaliyyət göstərir”,-deyə Tatar bildirib.

KKTC-də 50 minə yaxın rusun yaşadığını bildirən Tatar, Rusiya ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək istədiklərini deyib:“Uğurlar arzulayıram. Biz ölkəmizə daha çox rusun gəlməsini, sərmayə qoymasını və turizmi canlandırmasını istəyirik. KKTC dövləti bütün qanuni tələblərə müsbət yanaşır”.

Tatar həmçinin qeyd edib ki, Rusiyanın bu addımı Moskva tətəfindən KKTC-nin müstəqilliyinin tanınması anlamına gəlmir.

“AzPolitika.info”