Moskva hakimiyyəti dünən gecə yenə pilotsuz təyyarələrin hücumunun qarşısının alındığını açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu bardə şəhərin meri Sergey Sobyan bildirib. Onun sözlərinə görə, cümə axşamı gecə hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki pilotsuz uçan aparatı vurub: biri Kaluqa vilayətində, digəri isə mərkəzi dairəvi yolun (TsKAD) ərazisində zərərsizləşdirilib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Kaluqa vilayətinin Maloyaroslavski rayonunda, Moskva vilayətinin Odintsovo rayonunda pilotsuz təyyarələrin hücumlarının qarşısı alındığını bildirib. Nazirlik həmçinin iddia edir ki, ötən gecə Ukraynaya məxsus 11 pilotsuz uçan aparat ilhaq edilmiş Sevastopola hücum etməyə cəhd edib, lakin vurulub. Ölən və yaralananlar olmayıb.
Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanları avqustun 10-na keçən gecə naməlum uçan obyektlərə görə təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edib. Qeyd olunur ki, ən azı 11 reysin uçuş və enişi təxirə salınıb.
Gecə saatlarında Moskva yaxınlığındakı Domodedovo şəhərində də yanğın və partlayışlar barədə məlumat yayılıb. Rəsmi məlumat yoxdur, yerli sakinlərin sözlərinə görə, yanğın yerli avtoservisdə qaz balonlarının partlaması nəticəsində baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin baş idarəsi yanğının Konstantinovo kəndində olduğunu, aeroportun bu yerdən təxminən 10 km aralıda olduğunu bildirib.
Xatırladaq ki, dünən Moskva vilayətinin Serqiyev Posad şəhərindəki hərbi zavodda da güclü partlayış baş verib. Nəticədə bir nəfər ölüb, onlarla insan yaralanıb, itkin düşənlər var.
Rasim
“AzPolitika.info”


Şərhlər