İki həftə sonra prezident seçkilərinin keçiriləcəyi Ekvadorda namizədlərdən Fernando Villavicencionun sui-qəsdə məruz qaldığı bildirilir.

“AzPolitika.info” xəbər verir ki, hadisə Quitonun şimalında yerləşən məktəblərdən birinin qarşısında baş verib. Sui-qəsd zamanı Villavicencionun olduğu avtomobilə 30 dəfə atəş açılıb və bir ədəd əl qumbarası atılıb.

İlkin məlumata görə, başından güllə yarası aldığı bildirilən Villavicencio aparıldığı xəstəxanada dünyasını dəyişib. Millət vəkili olan Villavicencio-nun seçkilərdə önə çıxan namizədlərdən biri olduğu deyilir.

Qeyd edək ki, Villavicencio may ayında prezidentliyə namizədliyini açıqlamışdı.

“Məqsədim dövləti zəbt edən və xalqı diz çökdürən mafiyaya qalib gəlməkdir” – deyə, o, bəyan etmişdi.

Bundan sonra Villavicencio çoxlu ölüm təhdidləri aldığını bildirmişdi.

Prokurorluq hadisə ilə bağlılığı olan bir şübhəlinin öldürüldüyünü və hücumla əlaqəsi olduğu güman edilən 6 nəfərin saxlanıldığını bildirib.

“AzPolitika.info”