Tofiq Yaqublunun saxlandığı yerdə istilik sistemi yoxdur, Orxan Əyyubzadənin anası oğlunun həyatının təhlükədə olduğunu deyir
Havaların soyumasından sonra siyasi məhbuslarla bağlı ürək ağrıdan xəbərlər gəlməkdə davam edir. Onların saxlandıqları cəzaçəkmə müəssisələrində üzləşdikləri çətinliklər, istilik sisteminin zəif olması dustaqların səhhətlərində ciddi fəasdlar yaradıb. Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu noyabrın 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində atası ilə görüşüb. Görüşdən dərhal sonra musavat.com-a açıqlama verən Nigar Yaqublu müəssisədə istilik sisteminin olmamasından şikayətlənib: “Noyabr ayının bitməsinə baxmayaraq, hələ də həbsxanaya istilik verilməyib. Buna səbəb kimi texniki problemlər göstərilir. Soyuq atamın həyatına ciddi təhlükə yaradır. Onsuz da səhhətində ciddi problemlər var”.
Həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a bildirib ki, o, əri ilə telefonla danışıb: “Vəziyyəti bir az yaxşılaşıb. Müalicəyə başlayıblar. Hələı bir neçə gün məntəqədə qalacaq”.
Müsavat başqanının həbsdəki digər müavini Fərəc Kərimlinin və qardaşı Sirac Kərimlinin vəkili Nemət Kərimli şənbə günü onlarla görüşdüyünü qeyd etdi: “Hər ikisinin səhhəti normaldır. Siracda yalnız tez-tez ürək ağrıları baş verir. Sorğu vermişik. Ola bilsin ki, ciddi müayinədən keçsin. Onlarla bağlı indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb. Qardaşlar faktiki olaraq, girov saxlanılır”.
Gənc siyasi məhbus Orxan Əyyubzadənin anası Rəhimə Məmmədova övladını itirmək qorxusu ilə yaşadığını söylədi: “Xəstəliyi daha da pisləşib. Buna baxmayaraq, təcridxanada heç bir köməklik göstərilmir. İstilik sistemi isə bərbad vəziyyətdədir. Orxan dedi ki, tez-tez özündən getmələri yaranıb. Təcili övladıma müalicə lazımdır. Təcridxana yeməyini belə qadağan ediblər. Bu, övladımın səhhətinin ağır olmasından xəbər verir. Gündə gedə bilmirik. Bu isə onun ac qalmasına səbəb olur”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı ərinin səhhətində heç bir yeniliyin olmadığını bildirdi: “Bəzi məsələlər var ki, dəqiqləşəndən sonra mətbuata veriləcək. Səhhəti ağır olaraq qalır”.
Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov isə son durumla bağlı bunları dedi: “İki gün öncə görüşmüşəm. Hər şey normaldır”.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı dekabrın 8-də görüş gününün olduğunu söylədi: “Tək otaqda qalır. Səhhəti ağırdır. O cür şərait şəkər xəstəsi üçün çox ağırdır. Əfvlə bağlı heç bir sözü yoxdur”.


Şərhlər