Etibar Əliyev, millət vəkili
Birləşmiş Millətlər Təşkilatının (Millətlər Liqası) yaradılması ideyasına görə ABŞ-ın keçmiş Prezidenti Vudro Vilson 1919-cu ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüşdü.
Təşkilat böyük tarixi yol keçib. Təsadüfi deyildir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 3 dəfə və Təşkilatın Sülhməramlı Qüvvələri Sülh üzrə Nobel mükafatına layiq görülmüşdür. Bu baxımdan, Ermənistan da daxil olmaqla Təşkilatın nüfuzuna zərbə vuran dövlətlərin fəaliyyəti pislənməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 77-ci sessiyasındakı maraqlı çıxışı bu təşkilatın tarixinə düşüb: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir.”
Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan 2001-ci ildə “daha təşkilatlanmış sülhün bərqərar olunması və bütün dünyada sülhün möhkəmlənməsinə verdiyi töhfələrinə görə” Sülh üzrə Nobel mükafatına layiq görülüb. Bütün dünya dedikdə Annanın fəaliyyət dairəsinə Qarabağ münaqişəsi daxil olmadı. Ermənistan Annanın Birləşmiş Millətlər Təkilatına rəhbərlik etdiyi dövrdə (1997-2006-cı illərdə) 4 qətnamənin heç birinə əməl etmədi.
Qurum qəbul etdiyi qətnamələri vaxtında icra etsəydi, Regionda erməni azğınlığı və barbarlığı bu qədər dərinləşməzdi. Biz 100 illər boyu yaşadığımız ərazilərimizdə bağ-bağça salmışıq, evlər, məscidlər, məktəblər, mədəniyyət binaları tikmişik, bu barbarlar isə bunları viran qoyaraq minalar əkiblər. Müharibədən sonra 300 insan mina qurbanı olub.
İnsanları vəhəşicəsinə qətlə yetirənlər, ekosid, genosid, urbisid törədənlər yalançı humanitar böhran şousu ilə dünyanın diqqətini cəlb etmək istəyirlər. Azərbaycanın artıq oturuşmuş və rasional xarici siyasəti formalışıb. Və bütün planlarda təhdidləri dəf etməyə hazırdır.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Ermənistanın təşəbbüsü ilə keçirilmiş "Laçın yolu"ilə bağlı fövqəladə iclasında hansısa humanitar böhranın olması ilə bağlı iddiaları bir daha ifşa edilib.
Postmünaqişə dövründə Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurasında yenidən fiaskoya məruz qaldı. Havadarlarının dəstəyi və Azərbaycan əleyhinə qətnamə ümidi ilə humanitar böhran şousunu BMT Təhlükəsizlik Şurasının iclasına daşıya bilsə də, situasiya İrəvanın əleyhinə işlədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək səviyyəli iclasında bu qurumda İslahatların aparılmasının vacib olduğunu vurğulamışdı: “Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”
Müdrik liderimiz 3 il bundan əvvəl bu çağırışı etmişdi.
44 günlük Vətən müharibəsindəki qələbəmiz həm də BMT-də islahatların aparılmasına yol açdı. Bu danılmaz faktdır.


Şərhlər