“Amerika kəşfiyyatı hesab edir ki, Ukrayna əks-hücumun açar hədəfinə - Melitopolun azad edilməsinə nail ola bilməyəcək. Ukrayna komandanlığı Qərb müttəfiqlərinin gözləntilərinə baxmayaraq, döyüş meydanında itkiləri azaltmağa qərar verib”.
“AzPolitika.info” xəbər verir ki, bunu “The Washington Post” nəşri özünün ABŞ kəşfiyyatındakı və eləcə də Qərb ölkələri rəhbərliklərindəki mənbələrinə istinadla yayımladığı məqaləsində bildirib.
Qəzet iddia edir ki, ABŞ kəşfiyyatı öz məxfi hesabatında Ukraynanın bu gedişlə Melitopola çata bilməyəcəyini göstərib. Hansı ki, Melitopol Rusiyanın Krıma quru yolunu təmin edən əsas məntəqədir. Burada iki avtomagistralın və dəmiryol xəttinin kəsişməsi yerləşi. Məhz bu yollarla da Rusiya Krım vasitəsilə öz işçğalçı hərbi qruplaşmasını silah-sursat və digər ehtiyatlarla təmin edir.

Yazıda qeyd olunur ki, işğaldan azad edilən Rabotino yaşayış məntəqəsindən Krımın qapısı sayılan Melitopola qədər hələ 80 kilometrə yaxın məsafə var. Ukrayna qoşunları bu istiqamətdə irəliləsə belə, uzağı Melitopolun bir neçə kilometrliyinə qədər çata biləcəklər. Şəhəri azad etmək isə mümkün olmayacaq: “Döyüşün (əks-hücum əməliyyatının-red.) ilk həftələrində Ukrayna malik olduğu Qərb texnikasına baxmayaraq, yaxşı hazırlanmış Rusiya müdafiəsi qarşısında əhəmiyyətli itkilər verdi. Amerikalı, britaniyalı və ukraynalı hərbçilərin birgə təlimlərində bu itkilər nəzərdə tutulmuşdu. Hesab olunurdu ki, Kiyev Rusiyanın əsas müdafiə xəttini yarmaq xatirinə bu itkiləri qəbullanacaq. Lakin Ukrayna döyüş meydanında itkiləri dayandırmağı qərara aldı və cəbhənin müxtəlif istiqamətlərində böyük olmayan qruplarla irəliləməyə üstünlük verdi. Bu, ona gətirib çıxardı ki, Ukrayna bu yay cəbhənin müxtəlif sahələrində yalnız tədricən uğurlar qazanmağa nail oldu”.

Qəzet yazır ki, Ukraynanın Melitopolu və Mariupolu azad etmək şansları böyük deyil, baxmayaraq ki, Kiyevin hətta soyuq qış aylarında da hücumu davam etdirmək planlarına dair məlumatlar var.
Xatırladaq ki, hələ iyunun sonlarında Ukrayna ordusunun komandanı Valeri Zalujnı ordunun ləng irəliləməsinə görə irad bildirənlərə sərt cavab vermişdi və bildirmişdi ki, Ukrayna döyüşçüləri torpaqların hər bir metrini öz qanları hesabına azad edirlər.
Ukrayna XİN başçısı Dmitri Kuleba da əks-hücumun uzanması ilə bağlı tənqidləri pisləyib. O, “AFP”-yə açıqalmasında deyib ki, Ukrayna hakimiyyətini əks-hücumun nə qədər uzanacağı maraqlandırmır və bu proses qələbəyə nail olunanadək davam edəcək.
Nəhayət, Prezident Volodimir Zelenski demişdi ki, Ukrayna əks-hücumu “Hollivud filmi deyil” və ortalığa insanların həyatı qoyulub. Bununla belə, Prezident etiraf edib ki, əks-hücum gözləniləndən daha ləng gedir. Onun fikrincə, əks-hücum hələ yazda başlamalı idi. Lakin Qərb Ukraynanın silah-sursatla təminatını ləngidib və nəticədə Rusiya öz işğalçı qüvvələrinin dərin müdafiə xəttinin tikintisi, eləcə də böyük minalanmış sahələr yaratmaq üçün vaxt qazanıb.
Onu da qeyd edək ki, ABŞ kəşfiyyatının rəsmi ofisi “The Washington Post”-un yazısına şərh verməkdən imtina edib.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Сənab Məmmədov C və AzPolitika, münasibətlər Kreml və Ağ evin hansı dərəcədə kəskin-qətiyyətli və ya sövdələşən-saxtakar olduğunu göstərmirmi? Azərbaycan hərbi işğalçısı Ermənistana bir addım belə həmlə edə bilməz və öz Qarabağına belə buraxılmır ki, onların KRIŞAsı Kremldir, Ağ ev, qərblilər isə Ukraynaya nə lazımi komplektdə, nə də RFna çatacaq hərbi texnika vermirlər?,Müharibə bitəndən sonra NATOnun yardımı kimə lazım olar?