Menu

Rublu və Rusiyanı nələr gözləyir? - "Sovet İttifaqı üçün də bu şoku adlamaq mümkünsüz oldu”

18.08.2023, 13:57
Rublu və Rusiyanı nələr gözləyir? - "Sovet İttifaqı üçün də bu şoku adlamaq mümkünsüz oldu”

“Rusiyanın Ukraynaya qarşı müharibə apardığı 18 ay ərzində Qərb ölkələri Rusiyaya qarşı 13 000-dən çox sanksiya tətbiq edib, lakin Rusiya iqtisadiyyatında heç bir çöküş əlaməti yoxdur. Əksinə, Beynəlxalq Valyuta Fondunun ölkə üzrə proqnozunda bu il 1,5% artım proqnozlaşdırılır.Bu, Almaniya və ya Böyük Britaniya iqtisadiyyatlarındakı artım gözləntisindən çoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” agentliyində dərc olunan analitik məqalədə bildirilir.

Müəlliflər qeyd edir ki, Kreml sanksiyaların nəticə verməməsi ilə öyünməyi sevir və buna bənzər ifadələr Qərb müşahidəçiləri tərəfindən də getdikcə daha çox ifadə olunur.

“Avqust ayında inkişaf etməkdə olan ölkələr arasında ən pis nəticə göstərərək sürətlə ucuzlaşan Rusiya valyutası isə bunun əksini göstərir. Rusiya Bankı avqustda keçirdiyi fövqəladə iclas zamanı əsas uçot dərəcəsini 8,5%-dən 12%-ə qaldırmağa məcbur oldu. Bu addım çox güman ki, rublun zəifləməsi ilə start götürəcək inflyasiyanı ram etmək məqsədi daşıyır”, - məqalədə bildirilir.

“Bloomberg” yazır ki, rublun dəyərsizləşməsinin, inflyasiyanın güclənməsinin Vladimir Putini Ukraynaya qarşı fəlakətli müharibəni dayandırmağa məcbur edəcəyini gözləmək doğru deyil: “Amma sanksiyalarla vasitəsi ilə təzyiqin ən azı bir məqsəd üçün effektiv olduğunu sübut etdi: Rusiya iqtisadiyyatına vəsait axınının azaldılması. Kremlin iqtisadiyyatı getdikcə dayanıqsız vəziyyətə salaraq, pulu müharibə maşınına yönəltməkdən başqa çarəsi yoxdur. Beləliklə, Qərb Kremlin gəlir mənbələrini məhdudlaşdırmağın arxasınca getməyə davam etməlidir: o cümlədən neftin qiymətini aşağı salmaq, Rusiyanın digər ixracatı ilə bağlı oxşar tədbirlər görmək və sanksiyalardakı boşluqları bağlamaq”.

Müəlliflər bildirirlər ki, rublun məzənnəsinin dəyişməsi (2022-ci ilin iyununda 53 dollardan bir il sonra 1 dollar 100 rubla qədər) həqiqətən daha dərin problemlərin göstəricisidir:“İyulda rublun ucuzlaşmasına səbəb, Yevgeni Priqojinin muzdlu ordusu “Vaqner” tərəfindən təşkil edilən və daxili qeyri-sabitliyi göstərən qısamüddətli üsyan oldu. Lakin rublun məzənnəsinin dəyişməsinin əsas səbəbləri bazar tələbinin strukturunda dəyişikliklərlə bağlıdır. Hər şeydən əvvəl Avropa İttifaqının (Aİ) Rusiyaya məxsus neft və neft məhsullarının idxalına embarqosu, G7-nin tətbiq etdiyi qiymət həddi, həmin əmtəələrin müxtəlif istiqamətlərə yönləndirilməsi və nəticədə neft və qaz ixracından əldə edilən gəlirlərin azalması ilə bağlıdır”.

“Bloomberg” daha sonra yazır:“Rusiya neftinin əhəmiyyətli həcmini Avropadan Asiya bazarlarına yönəldə bilsə də, əməliyyat xərcləri artıb. Ən vacibi Avropanın qaz bazarını əvəz edən mənbələr yoxdur. Qiymət həddinin daha da aşağı salınması və sanksiyalara əməl olunmasına nəzarətin daha ciddi şəkildə həyata keçirilməsi ehtimalı Rusiya ixracatının perspektivlərinin pis olması deməkdir. Rusiya iqtisadiyyatı hazırda inamlı görünsə belə, ortamüddətli perspektivdə ixrac gəlirlərinin azalması rublun daha da zəifləməsinə və nəticədə inflyasiyaya səbəb olacaq.

Rubl ixrac gəlirlərində xarici valyutaları əvəz edir və hazırda 39% təşkil etməklə ölkəyə xalis valyuta axınını azaldır. Valyutalara tələbdə də disbalans var: ixracatçılar Çin yuanına, idxalçılar isə dollar və avroya ehtiyac duyurlar. Əvvəlki illərdə rublun dəyəri əhəmiyyətli dərəcədə aşağı düşəndə, xarici fondlar və qlobal investisiya bankları vəziyyətdən istifadə edərək mənfəət əldə etmək üçün hərəkətə keçdilər. Onların mövcudluğu bazardakı dalğalanmaları da bərabərləşdirdi. İndi onlar getdi və bu o deməkdir ki, məzənnədə gələcək dəyişikliklərə zəmanət verilir. Bu artan volatillik valyutanın ödəniş və qənaət funksiyalarını zəiflədir: İnsanlar və müəssisələr xərcləri azaldacaq və investisiyaları təxirə salacaqlar.

Təbii ki, Putin həmişə özünün əvvəlki taktikasına müraciət edə bilər.Belə ki, “Rosneft”in baş icraçı direktoru İqor Seçinə və digər ixracatçılara zəng vurub, valyutanı geri qaytarmağı tələb edəcək. Lakin rublun məzənnəsini əllə idarə etmək problemi kökündən həll etməyəcək.

Rublun əsas rəqibi büdcə vəsaitlərini aktiv şəkildə xərcləyən Rusiya dövlətinin özüdür. Onun yüksək dəyişkənliyi və bir ildən az müddətdə dəyərinin iki dəfə azalması müharibə və sanksiyaların yaratdığı yeni iqtisadi vəziyyətin nəticələridir. Kremlin “iqtisadiyyatın struktur transformasiyası” adlandırdığı şey daha çox hərbi Keynsçilik kimi tanınır: artan hərbi xərclərin hesabına iqtisadi artımın gücləndirilməsi.

İqtisadiyyatın “struktur transformasiyası” effektiv şəkildə müdafiə xərclərinin böyük artımına bərabərdir. Sovet dövründə olduğu kimi, müharibə bütün benefisiarlar qruplarını: hərbi sənaye kompleksini və əlaqəli istehsalat sahələrini, habelə dövlət sektorunun bir hissəsi olan hərbi qulluqçuları və onların ailələrini ön plana çıxardı.

Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun (SIPRI) hesablamalarına görə, Rusiyanın müdafiə xərcləri 2022-ci ildə 9,2% artaraq 86,9 milyard dollara çatıb. Bu ilin birinci yarısında hərbi xərclər büdcədəki başqa xərcləmələri xeyli üstələyərək 72,2 milyard dollardan çox olub. Sosial xərclərlə birlikdə (bu il üçün 75 milyard dollardan çox büdcə nəzərdə tutulmuşdur) bu, bütün dövlət xərclərinin üçdə birindən çoxunu təşkil edir, yəni müharibədən əvvəlkindən iki dəfə çoxdur.

Müdafiə sənayesi digər sənayeləri də özünə cəlb edir, idxala tələbi artırır, ÜDM-i saxlayır və sadə rusların cibinə pul qoyur. Dövlət statistika xidmətinin məlumatına görə, hərbi sənayenin yerləşdiyi və Çeçenistan kimi peşəkar hərbçilərin sayının çox olduğu bölgələrdə real gəlirlər artıb. Müdafiə sənayesi gecə-gündüz işləyir, yüksək maaşlarvə səfərbərlikdən azad olunmaq vədi mülki sektordan işçi heyəti uzaqlaşdırır. Nəticədə kadrları saxlamaq üçün digər sektorlar da maaşları artırmalı olur, beləliklə qaçaq inflyasiyanın əsası qoyulur.

Həm dövlət, həm də fərdi xərclərin əhəmiyyətli hissəsi idxala aiddir. Rusiya idxalının müharibədən əvvəlki səviyyəyə qayıtması sabit valyutaya tələbini stimullaşdırır. Hökumət idxalı stimullaşdıran xərcləri ixtisar edənə və ya yavaşlatmayana qədər rublun məzənnəsi zəif qalacaq”.

Məqalədə qeyd olunur ki, Rusiya maliyyə sisteminə inam sürətlə azalır, bunu daimi kapital axını sübut edir. İyun ayında Rusiya banklarında sabit valyutada olan əmanətlər 9,1 milyard dollar azalaraq 152,4 milyard dollara düşüb, 2022-ci ilin əvvəlindən 2023-cü ilin may ayına qədər rusların (əsasən Ermənistan, Gürcüstan və Qazaxıstanda) xaricdə qoyduğu əmanətlərin həcmi 43,5 milyard dollar artıb.Rubl üçün heç bir dəstək gözlənilmir. Mərkəzi Bankın avqust ayından ilin sonuna qədər sabit valyuta alışını dondurması hər şeydən daha çox palliativ tədbirdir.

“Bloomberg” analitikləri hesab edirlər ki, Putinin Ukraynaya qarşı fəlakətli müharibəsi və bundan sonra tətbiq olunan sanksiyalar Rusiyanın iqtisadi qalasını sındırmadı, lakin təməlinin altına "saatlı bomba" qoydu. Müharibənin qızışdığı və ölkənin prezident seçkilərinə hazırlaşdığı bir vaxtda bazar tələbində hər hansı bir azalma mümkün görünmür. Sanksiyalar sayəsində ölkə iqtisadiyyatı mürəkkəb yüksək texnologiyalı mallar istehsal edə bilmir, yəni özünü təmin etməkdən uzaqdır, deməli Rusiyanın idxaldan asılılığı yalnız artacaq.

Məqalədə vurğulanır ki, qeyri-sabit və zəifləyən rubl məzənnəsi Kremlin iqtisadiyyatın nə qədər balanssız olduğunu və onun artıq çətinliklə idarə etdiyini göstərir. Müharibə başa çatdıqda, tələbatın birdən-birə şişirdilmiş müdafiə sektorundan yenidən mülki sektora keçməsi, ağrısız şəkildə udmaq mümkün olmayan güclü bir şok olacaq.

“Tarixdən bildiyimiz kimi, Rusiyanın sələfi Sovet İttifaqı üçün də bu şoku adlamaq mümkünsüz oldu”, - “Bloomberg” yazır.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol