Menu

“Ukrayna təşəbbüsü işğalçı Rusiya ordusundan ala bilib” - NATO generalı

24.08.2023, 15:18
“Ukrayna təşəbbüsü işğalçı Rusiya ordusundan ala bilib” - NATO generalı

“Ukrayna ordusunun əks-hücumu bəzi NATO müttəfiqlərinin gözlədiyi qədər sürətli getmir. Biz indi kritik fazadayıq, çünki nə əldə olunacaqsa, bu qısa yay dövründə olacaq. Sonra yağışlar başlayır və yer palçıqlı olur. Sürət yavaşdır. Ukraynalılar hücumun planlaşdırıldığı kimi getdiyini deyirlər. Bunun doğru olub-olmadığını bilmirəm. Əldə edilən şey budur ki, Ukrayna təşəbbüsü düşməndən geri alıb. Biz uzun zamandan bəri gözlənilən əks-hücumun, nəhayət, baş verdiyini gördük”.

“AzPolitika.info” xəbər verir ki, bunları 2011-2013-cü illərdə İtaliyanın Müdafiə naziri, 2008-2011-ci illərdə NATO hərbi komitəsinin sədri olmuş Campaolo Di Paola “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində deyib.

General vurğulayıb ki, Ukrayna təşəbbüsü işğalçı Rusiya ordusundan ala bilib, ancaq əks-hücum yavaş getdiyindən Qərbdə müharibə yorğunluğu riski ilə bağlı narahatlıq artmaqdadır: “Ancaq hələ əldə olunmayanlar sırasında ruslardan ciddi miqyasda ərazinin geri alınması, ciddi sıçrayış, rusların müdafiə xətlərində zəif nöqtənin tapılması var… Biz hələ də qeyri-müəyyənlik içindəyik. Yəqin ki, harada olduğumuzu müəyyənləşdirmək üçün daha bir, yaxud iki aya ehtiyacımız olacaq. Ancaq bu çox kritik fazadır, çünki bu qarşıdurma nə qədər davam edirsə, Ukraynanı dəstəkləyən ölkələrin bəzilərində müharibə yorğunluğuna şahid olacağımız ehtimalı o qədər artır.…Ən böyük çətinlik odur ki, ukraynalılar hücum əməliyyatlarını hava üstünlüyü olmadan həyata keçirməli olurlar. Məncə, bu ən vacib çatışmayan elementdir”.

Di Paola müsahibəsində Qara dənizin blokadası və onun realpolitik nöqteyi-nəzərindən kimə aid olmasından danışarkən deyib ki, hazırda heç kim Qara dənizin sahibi deyil: “Türkiyə hələ də Qara dənizdə ən güclü oyunçudur, çünki son nəticədə Qara dənizə yeganə giriş nöqtəsi olan Dardanel boğazına o nəzarət edir. Ora kimin girib-çıxmasına və kimin çıxmamasına o qərar verir. Buna görə də əgər həqiqətən nəzarətə malik olmaq istəyirsinizsə, Bosforun açarına ehtiyacınız var və bu açar Türkiyəyə məxsusdur. Hal-hazırda Türkiyə sövdələşməklə məşğuldur; o, razılaşmanın əldə edilməsinə və özünün vasitəçi, Qara dənizdə debatların hakimi kimi statusunu möhkəmlətməyə çalışan könülsüz oyunçudur”.

Taxıl böhranına toxunan Di Paola bunları deyib: “Əgər ruslar razılığa gəlmək istəməsələr, biz alternativ çıxış yolu tapmalıyıq. Çünki məsələ burasındadır ki, hətta əgər sən nəzəri olaraq Qara dənizin qərb hissəsində üzə bilirsənsə, əgər kifayət qədər cəsursansa, bu o deməkdir ki, NATO ölkələrinin ərazi sularındasan. Buna görə də Rusiyanın burada ticarət gəmilərinə hücum edəcəyi güman edilmir. Çünki ərazi sularında törədilmiş hücum 5-ci maddənin işə salınması demək ola bilər”.

Maraqlıdır, Rusiya Ukraynanın ərazi sularında NATO üzvü olan ölkənin gəmisinə hücum edərsə, nə baş verəcək?

General bildirir ki, bu çox mürəkkəb ssenaridir və vəziyyəti yerində və zamanında dəyərləndirmək lazımdır. Onun sözlərinə görə, bu vəziyyətdə nəyin baş verəcəyini deyən oturuşmuş protokol mövcud deyil.

“NATO üzvü dövlətin bayrağı altında hərəkət edən gəmi hücuma məruz qalarsa, sözügedən NATO üzvü “mən Rusiyanın hücumuna məruz qalmışam” deməklə 5-ci maddəni işə salmağa, yaxud bir ticarət gəmisinə hücuma görə bunu etməməyə qərar verə bilər. Bu həmin o dövlətin verməli olduğu siyasi qərar olacaq. Çünki hətta NATO üzvü olan ölkələr də Rusiyaya qarşı müharibəyə getmək istəmirlər. Ancaq bu iş ikitərəflidir: Rusiya üçün də NATO üzvü olan ölkənin gəmisinə hücum edərək 5-ci maddəni işə salmaq böyük riskdir və bu, rasional hərəkət olmazdı. Buna görə də bunlar nə baş verəcəyini proqnozlaşdıra bilmədiyimiz vəziyyətlərdir. Odur ki, bu qeyri-müəyyənlik bəzən yayındırıcı rol oynayır”, - NATO generalı vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol