“Ukraynanın Rusiya ilə müharibədə qələbəsi Gürcüstan və Moldovanın ərazi bütövlüyünün bərpasına, həmçinin Belarusda demokratik dəyişikliklərə gətirib çıxaracaq”.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu fikri Ukrayna telemarafonunun efirində jurnalist Nataliya Moseyçuka verdiyi müsahibəsində bildirib.
“Hansı qələbəni təsəvvür edirsiniz” sualına Zelenski deyib ki, bu, müharibənin təkrarlanması ehtimalını istisna etməlidir.
Ukrayna Prezidenti 1991-ci il sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Eyni zamanda, Zelenskinin sözlərinə görə, Ukrayna ordusu Krımla inzibati sərhədə çatarsa, o zaman onun dediyi kimi, yarımadanın ərazisində Rusiyanın demilitarizasiyasını siyasi cəhətdən başa çatdırmaq mümkün olacaq.
Eyni zamanda, Zelenski hərbi əməliyyatların Rusiya ərazisinə ötürülməsi ehtimalına şübhə ilə yanaşıb. O, Qərb tərəfdaşlarının Rusiya ərazisini Qərb silahları ilə vurmamaq tələblərinə toxunaraq, “Bizim tək qalmağımız böyük riskdir” deyib.
Ukrayna Prezidenti vurğulayıb ki, ölkəsi itkiləri minimuma endirmək üçün, lazım gələrsə, uzun müddət mübarizə aparmağa hazırdır. Eyni zamanda, Zelenski Ukraynanın hərbi texnologiya sahəsində Avropa lideri ola biləcəyi ilə bağlı fikirlərini bildirib.
Zelenski həmçinin hərbi vəziyyət zamanı korrupsiyanın dövlətə xəyanətlə eyniləşdirilməsinə çağırıb. O vurğulayıb ki, korrupsionerləri edam etməyə çağırmır, onların dəmir barmaqlıqlar arxasında qalmasını təmin etməyə çalışır.
“AzPolitika.info”


Şərhlər