Menu

ABŞ və Böyük Britaniya Ukraynaya təhlükəsizlik zəmanəti hazırlayır

29.08.2023, 16:45
ABŞ və Böyük Britaniya Ukraynaya təhlükəsizlik zəmanəti hazırlayır

ABŞ və onun Avropalı müttəfiqləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri hazırlayır. Lakin bu cür razılaşmalar 2024-cü ilə qədər başa çatmaya bilər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “The Wall Street Journal” diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Kiyevlə danışıqlara yalnız ABŞ və Böyük Britaniya başlayıb. Fransa isə yaxın həftələrdə onlara qoşulmalıdır.

Nəşrin həmsöhbətlərinin fikrincə, Ukrayna üçün təminatların hazırlanması kifayət qədər zəhmət tələb edən prosesdir. Hələlik hazırlanmaqda olan müqavilələrin iştirakçıları arasında tərəflərin öhdəliklərinin konkret olaraq nədən ibarət olacağı ilə bağlı ortaq rəy yoxdur.

“The Wall Street Journal” yazır ki, onlar həmçinin Ukraynanın gələcək hərbi ehtiyaclarının nə ola biləcəyini müzakirə etməlidirlər.

Nəşrin mənbələrinə görə, Avropa Donald Trampın 2024-cü ildə ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Kiyevə ayrılan vəsaitin həcmini azaltmağa çalışacağından ehtiyat edir.

Bundan əlavə, Avropa rəsmiləri əmin olmalıdırlar ki, Aİ-nin müdafiə sənayesi Qərb ordusunun tədarük ehtiyaclarını pozmadan Ukraynaya kömək edə bilər. Nəşr eyni zamanda, Aİ ölkələrinin heç də hamısının Amerika ilə müqayisə oluna biləcək müdafiə sənayesinə malik olmadığını qeyd edir.

Kiyev və Vaşinqton avqustun əvvəlində Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqlara başlayıb. London sonradan onlara qoşulub. Ukrayna tərəfi ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər ilk sazişlər bağlana bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski son müsahibəsində deyib ki, Kiyev ABŞ-dan İsrailkimi təhlükəsizlik zəmanəti ala bilər. İsrail NATO-nun üzvü deyil, ona görə də hərbi alyansın üzvlərindən hücum zamanı ona kömək etmək tələb olunmur. Eyni zamanda, bu ölkə ABŞ-ın Yaxın Şərqdə strateji tərəfdaşıdır və Amerikadan hərbi yardım alan ölkədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol