Xankənindəki separatçıların “rəhbərlərindən” olan Samvel Babayan erməni mediasına açıqlamasında bildirib ki, onların təklif etdiyi paket həlli variantında malların eyni vaxtda Laçın yolu və Ağdam vasitəsilə Xankəndinə çatdırılması nəzərdə tutulur.

“AzPolitika.info” xəbər verir ki, o, eyni zamanda paketdə Qarabağ ərazisindəki ermənilərin “statusu” məsələsinin də öz əksini tapmalı olduğunu, yəni yüklərin hara getdiyinin aydın şəkildə göstərilməsinin vacibliyini ifadə edib.

“Əks halda, bir neçə maşın yük daşımaqla problem həll olunmayacaq” – deyə, Samvel Babayan bildirib.

“Biz bu problemin kompleks həllini verməliyik. Deyək ki, bir-iki gündə bir maşın Ağdamdan keçirib, sonra bu yolu yenidən bağlamaq və ya Laçından 10 maşın buraxmaq -bu, problemi həll etməyəcək. Həmin görüşdə (iki gün əvvəl “parlamentdə” 6 satlıq müzakirələr - red.) biz öz mövqeyimizi açıq şəkildə formalaşdırdıq: ümumi kompleks həll yolu tapmalıyıq: hara gedirik, nə edirik, yaxşı, daha 10 maşın gətirdilər, yedilər, sonra? Növbəti addım nə olacaq?” - Babayan bildirib.

Azərbaycan tərəfinin buna razı olub-olmayacağı sualına isə Babayan belə cavab verib: “Düşünürəm ki, bəli, razılaşacaq”.

Babayan qeyd edib ki, yaxın vaxtlarda 20-yə yaxın bənddən ibarət olan öz yanaşmalarını ictimaiyyətə təqdim edəcəklər.

Babayan təklif edib ki, siyasi qüvvələr bu addımları birgə inkişaf etdirsinlər, ictimai razılıq alsınlar, sonra isə onu həyata keçirməyə başlasınlar. Lakin onun sözlərinə görə, təklifini heç kim qəbul etməyib.

“Nəticədə bu gün onlar çıxılmaz vəziyyətdə qalıblar və bir-birlərini günahlandırırlar”, - Babayan vurğulayıb.

“Daha 7 gün gözləyək, görək məsuliyyəti kimin üzərinə atacaqlar. Qalxıb desinlər ki, əziz camaat, başqa çarəmiz yoxdur, köç edək?” – o, bildirib.

Onun sözlərinə görə, Xankəndindəki qondarma rejim belə siqnal verir: ya Ağdam vasitəsilə yardımı qəbul edirlər, Azərbaycanla inteqrasiya edirlər, ya da Qarabağ ərazisini tərk edirlər. Başqa həll yolu olduğunu başa düşmürlər.

Onlar elə bir vəziyyət yaradır ki, Ağdam vasitəsilə yardım və ya Qarabağdan köçmə məsələsi müzakirə olunur. Qadınlar, uşaqlar əvvəl çıxırlar, bir sözlə, heç bir problemi həll etmədiklərinin fərqinə varmadan sirk göstəririlər. Onlar öz xalqını məhvə aparırlar, vəssalam” -deyə, Babayan bildirib 

“AzPolitika.info”