“Tələbə adını qazanmış bütün gəncləri təbrik edirəm. Ali məktəblər tələbələrin gələcəyə ümidlərini puç etməməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu təhsil eksperti, millət vəkili Etibar Əliyev “Feysbuk” səhifəsində yazıb.
O, vurğulayıb ki, ali məktəblər gənclərə keyfiyyətli təhsil verməli, onları tədqiqatlara cəlb etməli, həmçinin mədəniyyəti nəql etməlidir. Tələbələrə mövzular ən yaxşı dərsliklərdən tədris olunmalıdır. “Tələbələrdə esse yazmaq bacarığı inkişaf etdirilməlidir. Tədris prosesini uzun illər istifadə olunan məhdud saralmış ədəbiyyatlar üzərində qurmaq olmaz”, - ekspert əlavə edib.
E.Əliyev hesab edir ki, universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar: “Gecikmələr öz dərin təsirini göstərib. Yəqin ki, heç kim tərəddüd etməz: universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir. Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər olmalıdır. Tələbələrə bu missiyanı izah etmək lazımdır. Biz elə etməliyik ki, yüksək nəticə göstərən tələbələr bir müddətdən sonra təhsillərini başqa ölkələrdə davam etdirmək istəməsinlər. Sürətli inkişaf edən universitet modeli yaradılmalıdır. Universitet təsəvvürlərimiz yenilənməlidir. Universitet fundamental məsələləri həll etmək üçün ən rahat məkan olmaqla yanaşı, həm də alternativ dəyərlər sistemi yaratmalıdır. Universitetin digər ictimai institutlardan əsas fərqləndirici cəhəti onun əmək bazarına və insan kapitalının inkişafına cavabdehlik daşımasıdır. Universitet elmi öz həyatını yaşamalı və özü prioritetlərini müəyənləşdirməlidir”.
Millət vəkili vurğulayıb ki, yalnız bundan sonra tələbələrdən nəsə istəmək olar. “İnkişaf edən təhsil mühitində daha yaxşı mütəxəssislər yetişir. Durğunluq həm də gələcəyə baxışda pessimizm yaradır”, - təhsil eksperti qeyd edib.
“AzPolitika.info”


Şərhlər