Azərbaycanda 2 milyon 437 min nəfər iqtisadi qeyri-fəal əhali var. Onların 63 faizi qadın, 37 faizi kişidir və 13 faizi ali, 10 faizə yaxını isə orta ixtisas və ya peşə təhsillidir.
Metodologiyaya görə, belə şəxslər əməkqabiliyyətli yaşda olsalar da, işsiz sayılmırlar.
İqtisadi qeyri-fəal əhali qrupunda "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" – evdar qadınlar sayca daha çox yer tuturlar. Söhbət 651 min belə qadından gedir.
Maraqlısı odur ki, Dövlət Statistika Komitəsi əmək bazarına dair sonuncu hesabatında bəzi dəyişikliklər edib. Məsələn, 2021-ci ildə açıqlanmışdı ki, "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər" arasında kişilərin sayı 33 min nəfərdir.
Ötən ilə aid göstəricilərdə eyni qrupa daxil olanların sayı 131 min nəfərə yüksəlib. Deməli, siyahıyaalma üzə çıxarıb ki, əslində ölkədə ev işləri görən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən kişi sayı 100 min nəfərə yaxın daha çoxdur.
“AzPolitika.info”


Şərhlər