Menu

“Paşinyan Rusiyanın səbrini sınağa çəkir...” - “Bunlar şantaj elementləridir”

06.09.2023, 14:44
“Paşinyan Rusiyanın səbrini sınağa çəkir...” - “Bunlar şantaj elementləridir”

Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları və bəzi addımları Rusiya rəhbərliyində, eləcə də ona xidmət edən dairələrdə böyük hiddət doğurub.

Xatırladaq ki, İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Paşinyan Rusiyanın Cənubi Qafqazdan gedəcəyini söyləyib: “Əslində, Rusiya kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik. Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir...”

Artıq onun bu fikirlərinə və Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılacağına dair məlumatlara Vladimir Putinin sözçüsü Dmitri Peskov və Rusiya XİN təmsilçisi Mariya Zaxarova tərəfindən kəskin, hətta təhqir səviyyəsində rəsmi cavablar verilib.

Ötən gün isə məlum olub ki, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirmək niyyətindədir.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Prezidenti yanında beynəlxalq münasibətlər şurasının üzvü, politoloq Boqdan Bezpalko “RİA Novosti”-yə müsahibəsində Paşinyanın son addımlarının Rusiyanın səbrini tükəndirə biləcəyini deyib.

O, qeyd edib ki, ABŞ-la birgə təlimlər İrəvanın Qərbə can atdığını göstərən nümayişkaranə addımdır: “Paşinyan birmənalı olaraq, Rusiya ilə müttəfiqlik münasibətlərinə uyğun gəlməyən adımlarla Moskvanın səbrini sınağa çəkməyə başlayır. Bu addımlar Ermənistanın Rusiya vektorundan Qərbə keçidini simvolizə etməyə yönəlib. Bu, Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələrini kəsmək niyyətinin parlaq nümayişidir”.

Bununla yanaşı, Bezpalko deyib ki, Ermənistan KTMT-dən çıxmaq niyyəti barədə ismarıclar verir və bu, mümkündür. Lakin onun fikrincə, ermənilər hələ ki, bu addıma getməyəcəklər və bütün bunlar Rusiyanı şantaj etməyə yönələn hərəkətlərdir: “Hələ ki, Ermənistan rəsmən KTMT-dən çıxmayıb. Bütün bu hərəkətlərə isə şantaj elementləri kimi baxıram”.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol