Menu

Şahramanyan "prezident" seçilir, Babayan Bakı ilə danışıqlar aparır - Vardanyan isə...

07.09.2023, 13:30
Şahramanyan "prezident" seçilir, Babayan Bakı ilə danışıqlar aparır - Vardanyan isə...

Deyəsən, Qarabağın məlum ərazində qalan separatçıların "lideri" bir neçə gün əvvəl "dövlət naziri" təyin edilmiş Samvel Şahramanyan olacaq.

"Prezident" seçkiləri sentyabrın 9-da "parlamentin" iclasında keçiriləcək, bu barədə "Turan"  "Azadlıq" Radiosunun Ermənistan xidmətinə istinadən məlumat yayıb. Beş fraksiyadan dördü artıq indidən Şahramanyanın namizədliyini irəli sürüb.

"Parlamentdə" böyüklüyünə görə ikinci fraksiyanın "lideri" Samvel Babayan bildirib ki, onun "Tək vətən" partiyasının üzvləri səsvermədə iştirak etməyəcəklər. O, Şahramanyanın namizədliyi ilə razı olmadığını açıq şəkildə ifadə edib. Buna qədər Babayan "prezident" vəzifəsinə öz namizədliyini irəli sürməyə çalışıb, amma digər separatçılardan dəstək tapmayıb.

Lakin o, artıq özünü separatçıların "lideri" kimi aparır, Bakı ilə danışıqlar apardığını və "humanitar böhranın" aradan qaldırılmasına dair təklifləri Azərbaycana təqdim etdiyini bildirib. Amma bu təklifləri kimə və hansı kanallara təqdim etdiyinə və hansı cavabı aldığı barədə heçnə deməyib.

Babayan öz təklifini yalnız ümumi şəkildə ifadə edir: əvvəlcə azərbaycanlılarla qarşılıqlı etimad əldə etmək, daha sonra isə siyasi həllə keçmək. O iddia edir ki, separatçı rejimin də Bakı ilə hər gün əlaqə saxladığına dair məlumata malikdir.

Separatçı rejimin daha bir "namizəd", rusiyalı biznesmen və keçmiş "dövlət naziri" Ruben Vardanyan bortdan kənarda qalıb və dəstək tapmayıb. Bununla belə, o, Xankəndini Azərbaycanın tərkibində tanıyacaq istənilən hakimiyyətə qarşı mübarizə aparmağı vəd edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol