Menu

“Azərbaycanlılar sülhməramlıları da yoxlayır” – “Hətta helikopterlə gələndə də...”

08.09.2023, 16:40
“Azərbaycanlılar sülhməramlıları da yoxlayır” – “Hətta helikopterlə gələndə də...”

Son günlər Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşdiyinə dair görüntü formalaşmaqdadır. Ermənistan rəhbərliyi ilə Rusiya rəhbərliyindəki ikinci-üçüncü dərəcəli şəxslər arasında söz atışması müşahidə olunur. Eləcə də Ermənistan guya KTMT-dən çıxacağı barədə siqnallar verir, ölkə ərazisində NATO ilə birgə təlim keçiriləcəyini bəyan edir.

Lakin bəzi müşahidəçilər bütün baş verənlərin görüntü xarakteri daşıdığını, Nikol Paşinyan hökumətinin sadəcə, Kremli şantaj etmək istədiyini bildirirlər.

“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni politoloq Aleksandr İskandaryan Ermənistan-Rusiya münasibətlərində əvvəllər də gərginliklər olduğunu, lakin bunun ictimai səviyyəyə çıxarılmadığını deyib. Politoloq bildirib ki, Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl də iki ölkə arasında narazılıqlar olub, lakin bunlar üz-araya çıxarılmadan həll edilib.

Onun fikrincə, indi baş verənləri guya Ermənistanın Rusiya ilə əlaqələri ciddi şəkildə pozmağa çalışdığı kimi qələmə vermək doğru deyil: “Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya postsovet məkanında baş verən hər şeyə əsəbi reaksiya verir. Bu iki diskursun üst-üstə gəlməsi canlı efirdə əvvəllər görmədiyimiz qarşıdurmaya gətirib çıxarır. Lakin yüksək siyasi səviyyədə heç bir ciddi hadisə baş vermir. Ermənistan nə KTMT-dən, nə Avrasiya İqtisadi Birliyindən, nə də MDB-dən çıxıb və ikitərəfli razılaşmalar işləməkdə davam edir”.

İskandaryan hazırda Ermənistan-Rusiya münasibətlərində baş verənləri iki tərəfin dialoqu yox, monoloqu kimi qələmə verib. Yəni, hər iki tərəf danışır, lakin heç kim bir-birinə qulaq asmır.

Bununla yanaşı, erməni politoloq iddia edib ki, Rusiya 2020-ci il 9 noyabr üçtərəfli sazişinə əməl etmir və Laçın yoluna nəzarət edə bilmir. O, hətta bu yoldan istifadə edən sülhməramlıların Azərbaycan tərəfindən yoxlanıldığını bildirib: “Laçın “dəhlizinə”(yoluna) real olaraq azərbaycanlılar nəzarət edir, hansı ki, onlar Rusiya sülhməramlılarının özünü də yoxlayırlar. Hətta məndə olan məlumata görə, azərbaycanlılar sülhməramlıları helikopterlə gələndə də yoxlayırlar”. Ancaq Azərbaycan ordusunun Rusiya sülhməramlılarının helikopterlərini belə yoxladığını iddia edən İskandaryan bunun mexanizmi, hansı formada və harada həyata keçirildiyi barədə heç nə deməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol