Ukrayna Silahlı Qüvvələri dünən İşğal olunmuş Krım ərazisindəki Sevastopol limanına güclü raket zərbələri endirməsinin ardınca, ötən gecə yarımadanın digər böyük şəhəri olan Yevpatoriyadakı hərbi obyektləri hədəf alıb.
“AzPolitika.info” xəbər verir ki, artıq mətbuatda və sosial şəbəkələrdə Yevpatoriyadakı güclü partlayışları əks etdirən çoxlu sayda video və foto yayımlanıb. Ən güclü partlayışın saat 05.20-də baş verdiyi bildirilir.
Hələ ki, Ukrayna tərəfinin konkret olaraq, hansı obyektləri məhv etdiyinə dair rəsmi məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi şəhərə təyyarə tipli PUA-lar vasitəsilə hücum edildiyinə və 11 PUA-nın vurulduğuna dair məlumat verib. Müstəqil mənbələr isə Ukraynanın Rusiyanın Yevpatoriyadakı Hava Hücumundan Müdafiə Sistemlərinə zərbə endirdiyini bildirirlər.
Xatırladaq ki, dünən Sevastopolda bir sualtı qayıq və bir böyük desant gəmisini məhv etdikdən sonra Ukrayna tərəfi bu hücumların davamının gələcəyini açıqlamışdı.
“AzPolitika.info”

Şərhlər