“Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrinin potensial olaraq pozulması deməkdir”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi mətbuat konfransında bildirib.
Miller deyib ki, Bayden administrasiyası Rusiya və Şimali Koreyanın yeni silah müqavilələri bağlayacaqları təqdirdə onlara əlavə sanksiyalar tətbiq etməkdən çəkinməyəcək.
“Biz Şimali Koreya ilə Rusiya arasında silah satışında vasitəçi kimi çıxış edən qurumlara qarşı sanksiyalar tətbiq etmək üçün artıq bir sıra tədbirlər görmüşük və lazım gələrsə, əlavə sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyik”, - ABŞ xarici siyasət rəsmisi bildirib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya və Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini poza biləcək əməkdaşlığı genişləndirməsindən narahatdır.
“New York Times” daha əvvəl yazmışdı ki, Kim Çen In və Putin arasında görüş zamanı Şimali Koreyanın Rusiyaya silah və sursat tədarükü müzakirə oluna bilər. Pxenyan da öz növbəsində Rusiyanın raket və kosmik texnologiyaları ilə maraqlanır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlar çərşənbə günü Rusiyanın "Vostoçnıy" kosmodromunda baş tutub.
Danışıqların qısa açıq hissəsində Kim Çen In bildirib ki, Şimali Koreya əlaqələri inkişaf etdirmək istəyir, çünki o, həmişə “Prezident Putinin və Rusiya hökumətinin bütün qərarlarını” dəstəkləyib.
Bir saat yarım davam edən danışıqların qapalı hissəsində Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu iştirak edib. Kremlin mətbuat xidməti xəbər verir ki, bundan sonra Putin və Kim Çen In arasında təkbətək söhbət olub.
Danışıqlar başlamazdan əvvəl KXDR ilə hərbi-texniki əməkdaşlığın müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Putin deyib: "Biz bütün məsələləri yavaş-yavaş danışacağıq. Vaxt var".
Şimali Koreya raket texnologiyasının inkişafı da daxil olmaqla geniş beynəlxalq sanksiyalar altındadır. Onların əhəmiyyətli bir hissəsi BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib və Rusiya da onların qəbuluna səs verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Kim Çen Inla danışıqlarından sonra Çin və Rusiyanın KXDR-ə qarşı sanksiyalardan əl çəkəcəyini bildirib. Putin daha sonra aydınlaşdırıb ki, Moskva hərbi-texniki əməkdaşlığa BMT tərəfindən qoyulan hazırkı məhdudiyyətlərə əməl edir.
Putin və Kim arasında keçirilən görüşdən sonra rəsmi olaraq heç bir qərar elan olunmayıb və heç bir birgə sənəd imzalanmayıb.
“AzPolitika.info”


Şərhlər