Etibar Əliyev, millət vəkili
Bu ilin yanvar ayında Milli Məclisdə qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanın siyasi mühitində normal düzən yaradıb. Bu günə qədər 25-dən artıq siyasi təşkilatın üzvlərinin reyestri Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunub. Beləliklə, siyasi mühit tam şəkildə hüquq müstəvisinə qaytarılıb, mövcud olan neqativ hallar aradan qaldırılıb.
Partiyaların qanunamüvafiq olaraq siyasi fəaliyyət azadlığını həyata keçirmək üçün bütün şərait yaradılıb. Bu sahədə aparılan islahatların başlıca hədəfi cəmiyyətin idarə olunmasında müstəsna rol oynayan siyasi sistemin qanun, vətəndaş qarşısında məsuliyyətini, hesabatlılığını təmin etməkdir. İslahatların nə qədər vacib olduğunu dərk etmək üçün azca geriyə baxmaq kifayətdir. Sözügedən xaotik duruma siyasi fəaliyyət anlayışından başqa nə ad versən, uyğun gələrdi...
Qeydə alınan siyasi partiyaların hamısı məmnun görünür, baxmayaraq ki, onların bəzi nümayəndələri Ədliyyə Nazirliyinin müvafiq qərarına qədər islahat prosesini qaralamaqla məşğul idilər. Qeydə alındıqdan sonra özlərini heç nə olmamış kimi aparmaları əslində onların ikiüzlülüyünün və siyasi mədəniyyətsizliyinin təzahürüdür. Məlum oldu ki, bunlar qərəzli, böhtan xarakterli propoqandadır, “Siyasi partiyalar haqqında” yeni Qanunu qəbul etmək və onun şəffaf şəkildə tətbiqini həyata keçirməkdə dövlətin ali məqsədi siyasi mühitdəki xaosu, anarxiyanı, sistemsizliyi aradan qaldırmaqdır. Maraqlıdır, onlar indi “Feysbuk” profillərində hələ də qalmaqda olan “hakimiyyət təkpartiyalı sistem yaradır, “məsqəd real müxalifəti məhv etməkdir” və s. özünü doğrultmayan bəyanatlarına baxıb, nə düşünürlər?
Yekunlaşmaqda olan prosesin gedişi həm də böyük siyasi ambisiyaları olan partiyaların marginallaşdığını, real sosial bazalarının olduqca məhdud olduğunu ortaya qoydu. Sıradan bir inzibati prosedurdan keçməkdə çətinlik çəkən partiyalar heç bir halda bütün xalqın adından danışa, kütləvi partiya sayıla bilməz. Əlbəttə, bəzi radikal qruplardan reallığı qəbul edib mövcud hüquqi düzəndə normal siyasi fəaliyyəti davam etdirəcəklərini gözləmək sadəlövhlük olardı. Çox güman ki, demokratik normalara cavab verməyən və məkrli niyyətli qurumların yaxın gələcəkdə Qanuna qarşı əsassız çıxışlarına təkrar şahidlik edəcəyik.
Paralel olaraq radikal düşərgədə daxili çəkişmələrin, intriqaların yenidən vüsət alacağı da qaçılmazdır. Çünki bu, bir çox “siyasətçilərin” həyat tərzi, fəaliyyət metodudur, sadəcə onlar başqa cür bacarmırlar. Dünənə qədər hakimiyyətlə dialoqa gedən siyasi təşkilatlara qarşı çirkin kampaniya aparanlar, onlara “avtobus müxalifəti” yarlığı qoşanlar indi özləri “mühacirətdəki” anti-milli və xain qüvvələrin hədəfinə tuş gəliblər, onları yumşaq desək, satqınlıqda günahlandırır, onları “reyestr müxalifəti” adlandırırlar...
Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkənin siyasi həyatının hüquqi tənzimlənməsi üçün mühüm islahatlar həyata keçirilir, əbəttə, onun icra olunmasını təmin edən, ortaya böyük zəhmət qoyan Prezident Administrasiyasının müvafiq qrumlarına da böyük təşəkkür düşür.
Şübhəsiz ki, cəmiyyət islahatlardan faydalanacaq, siyasi inkişafın yeni mərhələsinə qədəm qoyacaq. Proseslə ayaqlaşa bilməyən, marginallaşmış radikal qrupların mövcudluq mübarizəsinin davam edəcəyi isə inandırıcı deyil.


Şərhlər