Rusiyanın Ukraynada davam etdirdiyi işğalçılıq müharibəsində təkcə silah-sursat deyil, canlı qüvvə sarıdan da çətinliklər çəkdiyi sirr deyil. Yüzminlərlə hərbçisini, xüsusilə də böyük sayda peşəkar hərbçilərini itirən Rusiya ordusunun yeni qüvvəyə - bəzi mütəxəssislərin bildirdiyinə görə, 700 minə yaxın yeni əsgərə ehtiyacı var. Bunun üçünsə, səfərbərlik keçirilməlidir. Lakin görünən odur ki, Kreml böyük səfərbərliyə getməkdən hələ ki, çəkinir.
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı hüquq müdafiəçisi və vəkil Nikolay Polozov jurnalistlərə açıqlamasında Putinin, nə qədər bunu istəsə də, yaxın müddətdə bütün Rusiya ərazisində səfərbərlik keçirmək fikrində omadığını bildirib. Polozov deyib ki, əslində, Putinin 2022-ci ildə elan etdiyi səfərbərlik bir gün də olsa dayandırılmayıb. Ancaq onun intensivliyi müxtəlif vaxtlarda fərqli olub. Hüquq müdafiəçisi qeyd edib ki, birinci səfərbərlik dalğasında Rusiyanın çağırış sisteminə aid bütün idarəçilik sistemi çökdü və öz yarıtmazlığını ortaya qoydu. Eyni zamanda, Kreml əhalinin ayrı-ayrı yerlərdə səfərbərliyin keçirilmə metodlarına kütləvi etirazları ilə qarşılaşdı. Bu isə müəyyən dərəcədə hakimiyyəti qorxutdu.
Polozovun fikrincə, məhz bundan sonra Rusiya hakimiyyəti “Vaqner”-in və həbsxanalardan yığılan məhbusların “xidmətinə” üstünlük verməyə başladı. Onlarla yanaşı, Ukraynaya müqavilə ilə, pul qarşılığında könüllü olaraq orduya qoşulanlar göndərildi. “Vaqner”-in taleyi artıq məlumdur, pul qarşılığında Ukraynaya “ət maşınına” getmək istəyənlərin sayı isə minimuma enib. Ona görə də səfərbərlik qaçılmaz görünür...
Lakin hüquq müdafiəçisinin dediyinə görə, Putini böyük səfərbərliyə getməyə qoymayan bir sıra amillər var ki, onların da ən başında gələn ilin yazında keçiriləcək prezident seçkisi durur: “Seçkiyə kimi genişmiqyaslı səfərbərlik olmayacaq. Olsa belə, bunu yalnız ucqar regionlarda sınaqdan keçirə bilərlər. Moskvada və narazı elektoratın üstünlük təşkil etdiyi digər iri şəhərlərdə səfərbərlik həyata keçirməyəcəklər. Seçkidən sonra isə heç bir məhdudiyyət olmayacaq. İstəsələr, milyon nəfər də çağıra biləcəklər”.
Lakin məlum olduğu kimi, Rusiyanın təkcə səfərbərlik edərək, adam toplamaq yox, həm də bu adamları normal yerləşdirmək, təlim keçmək, lazımi silah-sursat, geyim, ərzaq, maliyyə vəsaiti və s. ilə təmin etmək kimi ciddi problemləri var.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər