Milli Məclisin deputatı Sadiq Qurbanov Şabran və Siyəzən rayonlarından 2022-2023-cü tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında yüksək nəticə əldə edən tələbələrlə görüş keçirib.
"AzPolitika.info" xəbər verir ki, millət vəkili müəllim və tələbələr qarşısında çıxış edərək, onları əldə etdikləri uğur münasibəti ilə təbrik edib.
"Bu uğurunuz bir daha sübut edir ki, çətinliklər qarşısında təslim olmayanda, iradəli olaraq bilik və bacarıqları səfərbər etdikdə, inadla çalışdıqda yüksək nəticələr əldə etmək olar", - o əlavə edib.
S.Qurbanov əmin olduğunu bildirib ki, ali təhsil illəri onların həyatında ən parlaq və yadda qalan dövrlərindən biri olaraq heç vaxt yaddaşlardan silinməyəcək: "Eyni zamanda inanıram ki, sizin əldə edəcəyiniz biliklər, elmi nailiyyətlər Azərbaycanın sürətli inkişafına və tərəqqisinə öz tövhə verməklə, ölkəmizə yeni uğurlar qazandıracaq. Müasir dünyada uğuru şərtləndirən əsas amillər, daim inkişaf etmək, təkmilləşmək və yeniliklərə can atmaqla çətinliklərə qalib gəlməkdir".
Millət vəkili xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin ideya və prinsipləri əsasında ölkəmiz öz müstəqilliyini qoruyub saxlayıb və bugünkü inkişafını təmin edib.
Onun sözlərinə görə, müasir Azərbaycanımız cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib.
"Sizin də ölkəmizin hərtərəfli inkişafı və rifahına öz töhvənizi verməyiniz üçün tükənməz enerji, daim zehn açıqlığı, yeni uğurlar arzulayıram! Bir daha sizi bu böyük uğurunuz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Yolunuz açıq olsun!", - Sadiq Qurbanov nitqini yekunlaşdırıb.
Qeyd edək ki, millət vəkili qəbul imtahanında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan 13 tələbəyə notebook, 500 baldan yuxarı toplayan 45 tələbəyə isə smart saatlar hədiyyə edib.
Tədris ilində xüsusi fərqlənən aşağıda adı çəkilən məktəb kollektivlərinə isə Sadiq Qurbanov tərəfindən “Təşəkkürnamə” verilib:
Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəb;
Şabran şəhər Roman Yusifov adına texniki təmayüllü 2 nömrəli tam orta məktəb-lisey;
Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəb;
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəb;
Şabran rayon Elman Mütəllimov adına Ağalıq kənd tam orta məktəb;
Şabran rayon Cümşüd Əsgərov adına Pirəmsən kənd tam orta məktəb;
Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəb;
Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəb;
Siyəzən şəhər N.Əsədov adına 4 nömrəli tam orta məktəb;
Siyəzən şəhər 6 nömrəli tam orta məktəb-lisey;
Siyəzən rayon S.Zeynalov adına Böyük Həmyə kənd tam orta məktəb;
Siyəzən rayon V.Qasımov adına Yenikənd kənd tam orta məktəb;
Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəb.
"Azpolitika.info"


Şərhlər