Həm Qərbdən, həm də Şərqdən gələn təhdidlər...

Nurəddin İsmayıl

Ötən həftə Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamədə ölkəmizə qarşı yönələn ittihamlar və bu ittihamların doğuracağı nəticələr ətrafında düşünməyə dəyər.

Bu qurum tərəfindən vaxtaşırı ölkəmizlə bağlı ədalətsiz qərarlar qəbul edilməsinə baxmayaraq, insan hüquq və azadlıqları ilə bağlı məsələlərdə problemlərin mövcudluğunu gözardı edə bilmərik. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və siyasi məhbus probleminin birdəfəlik həlli istiqamətində ciddi addımlar atılmalıdır ki, hazırkı beynəlxalq şərtlər daxilində milli problemlərimizin həllində beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyi kəsilməsin. Mövcud problemlər dövlətimizi əlavə beynəlxalq təzyiqlərlə üz-üzə qoyur və uğurlu xarici siyasətin qarşısında əngələ çevrilir.

Xarici siyasətimizdə Rusiya faktoru diqqətdən yayınmamalı, bu ölkənin Qarabağ üzərindən Azərbaycana qarşı qurduğu məkrli oyunların neytrallaşması üçün daha incə, düşünülmüş tədbirlər alınmalıdır. Biz Rusiyanın Paşinyanın ipə-sapa yatmaz davranışlarına cavab olaraq Ermənistanın hazırkı hakimiyyətinə göstərdiyi təpkilərdən, təzyiqlərdən arxayın düşməməli, sadəcə bu faktdan ölkəmizin yararına, çıxarlarına uyğun bəhrələnməliyik. Rusiyanın Ermənistanla bağlı sərgilədiyi hazırkı aqressiv münasibət Ermənistanın qərbyönümlü, müstəqil xarici siyasət aparmasına qarşı adekvat reaksiyasıdır.

Əslində bu cür münasibət öləziməkdə olan rus imperializminin xiffəti, keçmiş SSRİ respublikalarını öz nəzarəti altında saxlamaq cəhdi və Rusiyanın Ermənistan siyasətinin iflası kimi dəyərləndirilməlidir. Ermənistanla bağlanacaq sülh sazişinin qarşısında ən böyük maneə məhz Rusiya faktorudur. Rusiya münaqişəni uzatmaqla hər iki ölkəni təzyiq altında saxlamaq, onlar üzərində hegemonluğunu davam etdirmək və bu yolla Cənubi Qafqazda ölən nüfuzunu diriltmək istəyir.

Ermənistan hakimiyyəti məğlubiyyətə düçür olduğu 44 günlük müharibənin ortaya qoyduğu sarsıntılardan, Rusiyanın ona qarşı oynadığı hiyləgər planlardan, xüsusən də Azərbaycan Ordusunun 24 saat ərzində uğurla həyata keçirdiyi antiterror tədbirlərindən nəticə çıxarmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə səsləndirdiyi bəyanatların reallaşması üçün praktik addımlar atmalıdr. Anlamalıdır ki, onun müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınması sağlam məntiqə söykənmir və bütün gərginliklərə baxmayaraq, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan sülh sazişinin tezliklə bağlanması ən çox dövlət simasını itirmiş Ermənistnın xeyrinədir.

Azərbaycanın əvvəlki dönəmlərdən fərqli olaraq qardaş Türkiyə ilə milli və bir çox beynəlxalq əhəmiyyətli məsələlərdə vahid mövqedən çıxış etməsi hər iki ölkəyə yönəlik böyük güclərin siyasi təzyiqlərdən sığortalanmaq şansı verir. Qardaş Türkiyə təkcə sözdə deyil, bütün varlığı ilə Azərbaycanın yanında olduğunu əməli ilə sübuta yetirir. T.Ərdoğanın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində beynəlxalq kürsülərdən səsləndirdiyi fikirləri, onun Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi naminə Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə “dördlü” formatda görüşün keçirilməsinin vacibliyi ilə bağlı irəli sürdüyü təşəbbüsü regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edir. Son zamanlar İranla Ermənistan arasında yaşanan siyasi gərginliklər, Ermənistanın əli ilə ABŞ hərbi güclərinin onun sərhədlərinə daşınması, İranın təcavüzkar bir ölkəyə hər cür maddi, mənəvi və hərbi dəstək siyasətinin nə qədər yanlış olduğunu və bu siyasətin iflasa uğradığını ortaya qoydu.

ABŞ Dövlət Departamentində Qarabağla bağlı həqiqətə uyğun olmayan faktlar əsasında və birtərəfli qaydada dinləmələr keçirilməsi təəssüf doğurmaya bilməz. Bu addım Qərb dairələrinin Azərbaycanın suveren hüquqlarına qarşı aparılan qərəzli ermənipərəst siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir. ABŞ rəsmiləri 30 il ərzində ərazilərimizi işğalda saxlayan, etnik təmizləmə aparan, maddi və mədəni abidələrimizi, dini inanc yerlərimizi vandalcasına məhv edən Ermənistanı deyil, işğal altında olan tarixi ərazilərini qanuni yolla azad edən Azərbaycanı qınaq obyektinə çevirməkdən çəkinməlidir.

Rusiyada imperiya xəstəliyinə tutulanların sərsəm çıxışları səngimir. Öz hayına qalmaq, dövlət kimi mövcudluğu üçün yaranan təhlükəni aradan qaldırmaq barədə düşünmək əvəzinə, yenidən imperiya yaratmaq cəhdində bulunurlar. “Vahid Rusiya” partiyasından olan deputat Yevgeni Fyodorovun SSRİ-nin yenidən bərpa edilməsi, müstəqillik əldə edən ölkələrin yenidən bu mənfur imperiyanın tərkibinə qatılması barədə sərsəm çıxışı, hətta, bu təklifi qanun layihəsi şəklində hazırlayıb Dövlət Dumasına təqdim edəcəyi barədə açıqlamaları yalnız acı gülüş doğurmalıdır. Unudulur ki, SSRİ-nin dağılması faktı həmin dövlətin konstitusiyasına və xalqlarının öz müqəddəratlarını təyin etməsi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun baş verib və bu cür absurd yanaşmalar tarixin təkərini geri döndərə bilməz. Rusiya bu və ya digər formada ondan ayrılmış müstəqil dövlətlərin daxili işlərinə qarışmaq, onların dövlət kimi varlğını inkar etmək mərəzindən uzaqlaşa bilmir. İş o yerə çatıb ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü M.Zaxarova özündə Azərbaycanı Rusiyanın Ukrayna ərazisində keçirdiyi “seçkilərə” dəstək verməməkdə ittiham edəcək cəsarəti tapır. Məsələ aydındır. Dövlət mənsubu zor-xoş Azərbaycanı separatizmə dəstək verməklə özünün işğalçı siyasətinə qoşmağa, Ukrayna ilə olan sağlam münasibətlərinə xələl gətirməyə və beynəlxalq hüququn normalarına daban-dabana zidd mövqe tutmağa səsləyir.

Fikrimzcə, Azərbaycan çoxdan və həm də strateji olaraq xarici siyasətinin prioritetlərini dəqiq müəyyənləşdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar