ABŞ hökumətinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi üçün bütün imkanlarını səfərbər etsə də, fiaskoya uğrayan erməni lobbisinin yeni planları məlum olub.
“AzPolitika.info” xəbər verir ki, ermənipərəst dairələr bu dəfə Ermənistana Birləşmiş Ştatların böyük maliyyə yardımı ayırmasına çalışır.
Belə ki, ermənipərəst senator, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez bir qrup demokrat və respublikaçı konqresmenlə birlikdə Konqresə “Ermənilərin Azərbaycan təcavüzündən qorunması haqqında akt” adlı bədnam qanun layihəsini təqdim edib.
Sənəddə Qarabağın erməni əhalisinə humanitar yardım göstərmək üçün 2024-cü maliyyə ilində ABŞ Beynəlxalq İnkişaf Agentliyinə 30 milyon ABŞ dolları məbləğində vəsait ayrılması təklif olunur.
Bundan başqa layihədə 2024-cü maliyyə ilində Ermənistanın xarici hərbi maliyyələşdirmə proqramlarını dəstəkləmək üçün Dövlət Departamentinə 10 milyon dollar verilməsi əksini tapıb. Mətndə qeyd olunub ki, bu vəsait Ermənistanın suverenliyi və müstəqilliyini dəstəkləməli, ABŞ-la birgə təlimlər keçirməli, ABŞ və Ermənistan arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltməli və Ermənistan ordusunu gələcəkdə beynəlxalq sülhməramlı əməliyyatlara cəlb olunmasına hazırlamalıdır.
Ermənipərəst konqresmenlər İrəvana Rusiyadan asılılığı azaldacaq iqtisadi dəstəyi də unutmayıblar. Belə ki, layihədə Ermənistanın enerji sektorunu dəstəkləmək məqsədilə 2024-2026-cı illərin maliyyə ili üçün 650 milyon dollar ayrılmasının vacibliyi qeyd olunub. Bu vəsait Ermənistan və Gürcüstanın elektrik şəbəkələrinin sinxronlaşdırılması üçün nəzərdə tutulur.
Senator Menendezin layihəsində 2024-cü ildən 2028-ci ilə qədər hər maliyyə ilində elm və texnologiya sahəsində erməni-amerikan əməkdaşlığını təşviq etmək üçün 50 milyon dollar ayırılması da qeyd olunub.
Ermənistana və Qarabağın erməni əhalisinə dəstəyi nəzərdə tutan bu layihə həm də Azərbaycana qarşı bütün cəbhələrdə uduzan ermənilərə Qərbdəki havadarların təsəlli yardımı kimi qəbul oluna bilər.
Rasim
“AzPolitika.info”


Şərhlər