Menu

RUSİYADA YANACAQ BÖHRANI – Ölkədə benzin və dizel qıtlaşıb, hökumət çarə tapa bilmir

23.09.2023, 20:37
RUSİYADA YANACAQ BÖHRANI – Ölkədə benzin və dizel qıtlaşıb, hökumət çarə tapa bilmir

Sentyabrın 21-də Rusiya hökumətinin rəhbəri Mixail Mişustin iki mühüm qərar imzalayıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, qərarların birincisi ölkədən benzin və dizel yanacağının ixracına müvəqqəti qadağa qoyulması, ikincisi, rublun məzənnəsi ilə bağlı ixrac rüsumlarının tətbiqi ilə bağlıdır.

Yerli media yazır ki, yanacağın ixracına qoyulan qadağa hakimiyyətin bir aydan artıqdır ki, mübarizə aparmağa çalışdığı, amma uğursuz olduğu yanacaq böhranına son qoymaq məqsədi daşıyır.

Rusiyada benzin və dizelin topdansatış qiymətləri iyulun sonunda sürətlə artmağa başlayıb. Avqustun ortalarından başlayaraq bütün ölkə boyu pərakəndə satış qiymətlərində kəskin artım və yanacaq tədarükündə fasilələr başlayıb. Cəhdlər etsələr də, nə Federal Antiinhisar Xidməti, nə də Energetika Nazirliyi vəziyyəti düzəldə bilməyib. Böhranı kəskinləşdirən səbəblərdən biri də qıtlığın kənd təsərrüfatı istehsalçılarının məhsul yığmağa başlaması və payızlıq bitkilər əkdiyi dövrə təsadüf etməsidir.

“Müvəqqəti çətinliklərin” səbəbləri kimi yay mövsümündə Rusiyanın cənub bölgələrinə sərnişin axınının kəskin artması ilə əlaqədar dəmir yollarında “tıxac” yaranması və yanacağın nəzarətsiz ixracı göstərilir.

Problemin həlli üçün bir sıra təkliflər irəli sürülüb: ölkədən kənara yanacaq satan ixracatçıların müəyyən edilməsindən tutmuş ixrac rüsumlarının tətbiq edilməsinə qədər... Nəhayət, ən radikal qərar verildi - sadəcə olaraq hamı üçün ixracı qadağan etmək. Hökumətin bu barədə fərmanı Avrasiya İttifaqı ölkələrinə, Abxaziya və Cənubi Osetiyaya və hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən başqa ixrac əməliyyatılarına aid deyil.

Hökumətin daxili bazarı yanacaqla doyurmaq cəhdinin nə dərəcədə təsirli olacağını anlamaq üçün əvvəlcə böhranın səbəblərini anlamaq məntiqlidir. Dəmir yolu tıxacları ilə bağlı inandırıcı olmayan bəyanatlara əhəmiyyət verməsək, ortaya çıxan mənzərə kifayət qədər aydın görünür.

Birincisi, Rusiyada pərakəndə satış qiymətləri sözdə dempinq mexanizmi çərçivəsində dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticədə, Rusiya daxilində yanacağın qiymətləri bütün qonşu ölkələrdən xeyli aşağıdır. Rublun devalvasiyasını nəzərə alsaq, bu fərq olduqca əhəmiyyətli və cəlbedicidir. Dünya bazarında neftin qiyməti artıb, nəticədə xam neftin rubl ifadəsində qiyməti Rusiyada yanacağın topdansatış qiymətlərinə yaxınlaşıb, bu da ölkə daxilində emal prosesini sərfəli edir.

İkincisi, hazırda Rusiyanın daxili bazarında mövcud olan yanacağın əhəmiyyətli bir hissəsi döyüşən ordu tərəfindən istehlak olunur. Müdafiə Nazirliyi sabit dövlət qiymətləri ilə yanacaq almalıdır və bundan imtina edə bilməz. Eyni zamanda, müharibə dövründə Rusiyada yanacaq emalı artmayıb. Mövcud zavodlar vaxtilə xaricdən gətirilən avadanlıqların təmiri zamanı getdikcə daha çox problemlərlə üzləşirlər. Bu, emalın maya dəyərinin artmasına ciddi təsir edir.

Bu şərtlər daxilində ixrac qadağası neft emalı zavodlarını xarici gəlirlərinin bir hissəsindən məhrum edəcək və onların rentabelliyinə əlavə zərbə vuracaq. Nəticədə müstəqil istehsalçılar sadəcə olaraq müflis olmaq riski ilə üzləşirlər. Böyük neft şirkətləri isə xam neft ixracına arxalanaraq zavodlarını minimum istehsal gücündə saxlamağa çalışacaqlar. Dünya bazarlarında əvvəllər Rusiyadan göndərilən neft məhsullarının yerini hazırda Çin və Hindistanın neft emalı zavodlarının istehsal etdiyi məhsullar tutmağa başlayıb.

Rublun möhkəmlənməsi Rusiyanın yanacaq bazarındakı mövcud gərginliyi müəyyən qədər azalda bilər. Mişustinin imzaladığı ikinci qərar bu problemin həllinə yönəlib.

Oktyabrın 1-dən hökumət böyük ixracatçılardan “valyuta məzənnəsi” adlandırılan vəsaiti, yəni şirkətlərin “zəif” rubldan əldə etdiyi mənfəəti müsadirə etməyə başlayır. Bu məqsədlə, əsas oldu-olmadı bütün şirkətlərin ixracına rüsum tətbiq edilir. Bu proses qaz, neft və neft məhsulları, taxta, qara və əlvan metal qırıntıları satan şirkətlərin hamısını əhatə edir. Yalnız taxıl və günəbaxan ixracatçıları istisnadır. Dollar nə qədər bahadırsa, rüsum da bir o qədər yüksəkdir. Məzənnə bir dollar üçün 80 rubldursa, heç nə ödəmirsiz, 80-85 rubl olarsa 4%, 85-90 rubl - 4,5%, 90-95 rubl - 5,5% ixrac rüsumu olacaq. Məsələn, hazırda dollar 95 rubldan yüksəkdirsə, şirkətlər ixrac olunan malın gömrük dəyərinin 7% -ni dövlətə ödəməlidirlər.

Bu tədbirin təşəbbüskarı olan Maliyyə Nazirliyi bildirir ki, əvvəla, bu tədbirlər müvəqqəti xarakter daşıyır, çünki rüsumlar yalnız dördüncü rübdə qüvvəyə minəcək, ikincisi, fiskal xarakter daşımır. Yəni büdcəyə daha çox pul yığmaq əsas məqsəd deyil. Əsas odur ki, rüsumları ödəmək üçün ixracatçılar daha çox valyuta gəlirlərini dövlətə verməli olacaqlar. Bu o deməkdir ki, bazar xarici valyuta ilə təmin olunacaq və rubla təzyiq zəifləyəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol