Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 25-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı yola saldı.
***
Sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
***
16:24
Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Bu barədə AZƏRTAC xəbər verir.
***
15:15
Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb.
***
15:07
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı salamlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyə və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını Naxçıvan Beynəlxalq Hava Limanında qarşılayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan təyyarə Naxçıvan hava limanına eniş edib.
“AzPolitika.info” xəbər verir ki, sözügedən işgüzar səfər Prezident İlham Əliyevin dəvəti ilə həyata keçirilir və bir gün davam edəcək.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.
“Report” xəbər verir ki, dövlət başçısını İstanbulun Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və digər rəsmi şəxslər yola salıb.
R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alpaslan Bayraktar, ətraf mühit, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin baş müşaviri Akif Çağatay Kılıç, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlik və digər rəsmi şəxslər müşayət edirlər.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.
Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərk-silah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.
Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.


Şərhlər