ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “Amerikanın Səsi” radiosunun redaktorlarına etiraz məktubu göndərib. Tanınmış analitik qurumun “Rus xidməti”nin Azərbaycana qarşı qərəzli mövqeyindən narazılığını bildirib.
“Sizə ictimai müraciətimin səbəbi Qarabağ mövzusunu işıqlandırarkən nümayiş etdirdiyiniz qərəzli mövqeyinizdir, təəssüf ki, bu, birinci dəfə baş vermir”, - R. Yunus yazır.
Ekspert “Amerikanın Səsi”nin rəhbərinə xatırladır ki, şəxsi söhbətlərdə bu məsələni bir neçə dəfə ona deyib: “Lakin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələrə qarşı həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı sentyabrın 20-də və 21-də dərc olunmuş xəbərlərin təqdimatında növbəti dəfə başqalarının fikrinə məhəl qoyulmayıb, bərabərlik prinsipləri kobud şəkildə pozulub. Xüsusi ilə “İndiki zaman” verilişində belə hallar həddini aşıb. Bu cür birtərəfli ermənipərəst qərəz “Soyuq müharibə” illərində bütün dünyada milyonlarla insan üçün azadlıq səsi və nəfəsi olan “Amerikanın Səsi” kimi nüfuzlu ABŞ brendinə yaraşmır. Bununla nə əldə edirsiz?
Təəssüf ki, bu cür qərəzli yanaşma təkcə Ermənistan - Azərbaycan arasındakı münaqişəyə deyil, həm də dünyada baş verən bir çox digər oxşar hadisələrə, Şərq, Türkiyə və bütövlükdə müsəlman dünyasına, o cümlədən Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı materiallarınızda rus təbliğatına yer verməyinizə aiddir”.
Azərbaycanlı təhlilçi radio rəhbərliyinə çağırış edərək, ona “Amerikanın Səsi”nin şanlı ənənələrini xatırladır və internetin rusdilli seqmentindəki Kremlin təbliğatçıları səviyyəsinə enməməyi tövsiyyə edib: “Şərqdə necə deyərlər: “yanlış yoldan geri qayıtmaq Allahın da xoşuna gəlir”.
“AzPolitika.info”


Şərhlər