Menu

“Paşinyanı devirmək üçün müxalifəti dəyişmək lazımdır” – Rusiyapərəst müxalifət niyə lazımi dəstəyi ala bilmir?

26.09.2023, 16:48
“Paşinyanı devirmək üçün müxalifəti dəyişmək lazımdır” – Rusiyapərəst müxalifət niyə lazımi dəstəyi ala bilmir?

Ermənistanda daxili siyasi gərginlik davam edir. Rusiyapərəst müxalifət Azərbaycanın keçirdiyi uğurlu hərbi əməliyyatdan sonra yaranan vəziyyətə görə məsuliyyəti Paşinyan hakimiyyətinin üzərinə atır. Lakin bütün cəhdlərə baxmayaraq, meydanlara davamlı olaraq hakimiyyəti devirmək üçün kifayət ola biləcək sayda narazı kütlə toplamaq mümkün olmur. Paşinyan hakimiyyəti isə bundan istifadə edərək, ən radikal və fəal qüvvələri hələ ki, zərərsizləşdirə bilir.

Hazırda İrəvanda baş verənlər rusiyayönümlü müxalifətin Paşinyanı devirmək iqtidarında olmadığını göstərir. Eyni zamanda, məlum olur ki, əhalinin daha əvvəl Paşinyanı dəstəkləmiş, lakin sonradan məyus olmuş hissəsi hər nə qədər baş verənlədən narazı qalsa da, rusiyayönümlü qüvvələri dəstəkləmək istəmir. Ona görə də bu gün məhz həmin elektorat uğrunda mübarizə gedir. Mütəxəssislər hesab edirlər ki, sözügedən elektorata sahib çıxmadan müxalifətin uğur qazanması mümkünsüzdür.

“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni politoloq Vaqe Davtyan müxalifəti acizlikdə günühlandırıb. O, öz “feysbuk” səhifəsində yazıb ki, Paşinyan hakimiyyətini devirmək üçün müxalifətin özünü dəyişmək lazımdır: “Demişəm və yenə də deyəcəyəm: Ermənistanda hakimiyyətin dəyişməsinə nail olmaq üçün müxalifəti dəyişmək lazımdır. Milli siyasi impotentlər komitəsinin (rusiyayönümlü müxalifətin yaratdığı mitinq komitəsini nəzərdə tutur-red.) real siyasi iradə göstərmək üçün son şansı var. Əks halda, siz bu fəlakətə görə Ermənistanda fəaliyyət göstərən Türk attaşesi(Nikol Paşinyanı nəzərdə tutur-red.) ilə eyni məsuliyyəti bölüşəcəksiniz”.

Beləliklə, Nikol Paşinyan hökuməti 2020-ci ildəki 44 günlük müharibədən sonrakı ilk günlərə bənzər bir dövr yaşayır. Lakin bu dəfə müxalifətin əlində “Qarabağdan köç edən ermənilər” kartı var. Hələ ki, Paşinyan hakimiyyəti bu kartı da pis-yaxşı “vurur”. Qarabağdan gedən ermənilərin paytaxt İrəvana kütləvi axınının qarşısını almaq üçün tədbirlər görülür. Onlar Gorusda qarşılanaraq, Ermənistanın ayrı-ayrı vilayətlərinə yönəldilir. Digər yandan, Qərb Paşinyana indiki şərtlər daxilində əlindən gələn yardımı göstərməyə çalışır və hökumət hər nə qədər zəifləsə, gözdən düşsə də, yenə erməni cəmiyyətinin əhəmiyyətli hisssəsinin dəstəyinə malikdir. İrəvandakı son mer seçkisi də göstərdi ki, əhalinin yarıdan çoxu məhz qərbyönümlü siyasi qüvvələri, partiyaları dəstəkləyir. Sırf rusiyapərəst qüvvələr isə 15-18 faiz civarında dəstək ala bilir.

Məhz bütün bunlara görə yuxarıda qeyd etdiyimiz Davtyan kimi politoloqlar Paşinyanı devirmək üçün müxalifətin dəyişməsinin zəruri olduğunu bildirirlər. Ancaq nəinki yaxın günlərdə, hətta yaxın gələcəkdə belə buna nail olmaq o qədər də inandırıcı görünmür.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol