"Moskva İrəvanın Roma Əsasnaməsinə qoşulmaq niyyətini alqışlamır”.
“AzPolitika.info” xəbər verir ki, bunu, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun tərəfi deyilik. İrəvan bu statut əsasında qəbul edilmiş çətin qərardan - Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsindən yaxşı xəbərdardır. Biz bilirik ki, İrəvanda bunu çox yaxşı bilirlər. Bu, bizim alqışladığımız bir şey deyil”, - Kreml sözçüsü vurğulayıb.
Xatırladaq ki, bu gün Ermənistan parlamentinin komissiyasında Roma Statutunun müzakirəsi başlayıb. Daha sonra sənədin ratfikasiya üçün plenar iclasa təqdim olunacağı gözlənilir.
Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı son dərəcə düşmənçilik adlandırıb.
Onun sözlərinə görə, Ermənistanın Roma Statutunun hüquqi həlli üçün Rusiyaya təklif etdiyi sazişin detalları ilə tanış deyil.
“Erməni tərəfində bu sənədin qəbul edilməsinin zəruriliyi ilə bağlı müəyyən arqumentlər var idi. Amma indiki halda ikitərəfli sazişlərin bağlanması ilə bağlı bu təklifin təfərrüatları məndə yoxdur”.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Roma Statutunun ratfikasiya edilməsinin V.Putinin həbs qərarı ilə bağlı olmadığını bildirib. Parlamentin spikeri Alen Simonyan isə “bu, Ermənistanın daxili məsələsidir, kənar qüvvələrin müdaxiləsini qəbul etmirik” demişdi.
“AzPolitika.info”


Şərhlər