BMT nümayəndələri ən az 10 gün Qarabağda səfərdə olacaq və bölgədəki vəziyyəti öyrənəcəklər.
“AzPolitika.info”-nun Qərb mediasına istinadla verdiyi məlumata görə, bu barədə BMT sözçüsü Stefan Dujarrik bildirib.
Onun sözlərinə görə, BMT missiyası Azərbaycan ərazilərindən keçməklə (başqa cür ola bilməz- red.) Qarabağda olacaq və vəziyyəti müşahidə edəcək. Dujarrik, sözügedən missiyanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda ən az 10 gün qalacağını bildirib.
Belə yerdə bir sual yaranır: 10 gündə BMT missiyası 30 ildə öyrənə bilmədiyi nəyi öyrənəcək?
Azərbaycanın müxtəlif TV-ləri Laçın SBM-ə müxbir ezam ediblər. İnternetdə də paylaşılan videolardan görünür ki, Qarabağı tərk edən vətəndaşların hamısı Azərbaycanı könüllü tərk edir. Xüsusilə də, müsahibənin onların pasport yoxlamasından keçəndən sonra alınmasını nəzərə alsaq, deyə bilərik ki, bu şəxslərin yalan danışması və ya qorxması üçün səbəb yox idi. Çünki artıq pasport yoxlamasından keçmişdilər. Hətta bir ay əvvəl Azərbaycan əleyhinə danışan bir erməni bu məntəqədə birdən-birə “Azərbaycanı sevən insana” çevrilmişdi.
Azərbaycan tərəfi rəsmi bəyanat da verib və Qarabağ ermənilərini Azərbaycanda qalmağa çağırıb.
Əgər kimlərsə qəsdən təbliğat aparır, süni surətdə Qarabağı tərk edən ermənilərin sayını şişirtməyə çalışırlarsa... 10 gün az müddət deyil – faktlar üzə çıxacaq.
Sadəcə, baxır, bu faktları araşdırmaq üçün kimlər gələcək.
Gah sülhdən, gah da etnik təmizləmədən danışan Ermənistan hakimiyyəti isə şişirtdiyi “qaçqın axını” içində özü boğulacaq.
Ən savadsız adam da başa düşər ki, 3 gün içində 1 məntəqədən 90 min nəfərin keçməsi qeyri-mümkündür. Bu qədər adam heç 2020-ci il sentyabr ayında belə işğal olunmuş ərazilərdə yaşamırdı...
Hətta ABŞ-dan maliyyələşən Azadlıq Radiosu belə, Suriyadan və Livandan Qarabağa köçürülən erməni ailələri haqda reportaj hazırlamışdı. Yəni, Ermənistanın hakim dairələri 30 ildə Qarabağdakı erməni sayını süni surətdə artırmağa çalışıblar.
Amma müharibə başlayanda guya sayı 120 min olan Qarabağın erməni əhalisi 30 il ərzində heç artmayıb ki, artmayıb. İndi də onların 120 min olduğu deyilir. Suriya və Livandan bu qədər köçürmələrə rəğmən.
BMT nümayəndələri bölgəyə gələndən sonra nəsə dəyişəcək?
Yoxsa, yenə durmadan artacaq və yenidən “soyqırıma uğrayacaqlar”?
Suallar, suallar... Və erməni lobbisinin “soyqırım” qışqırıqları.
Rüfət Əhmədzadə
“AzPolitika.info”


Şərhlər