Menu

Saakaşvili həbsxanadan Ramiz Yunusa məktub göndərib – “Sevimli Azərbaycanıma uğurlar arzu edirəm”

04.10.2023, 11:49
Saakaşvili həbsxanadan Ramiz Yunusa məktub göndərib – “Sevimli Azərbaycanıma uğurlar arzu edirəm”

Ötən ildən həbsdə saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili həbsxanadan ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi analitik Ramiz Yunusa məktub göndərib.

“Azpolitika.info” xəbər verir ki, bu barədə R.Yunus “Facebook” səhifəsində paylaşım edib. Saakaşvili ona və Azərbaycana təşəkkürlərini ifadə edib.

Qeyd edək ki, Ramiz Yunus ABŞ, Ukrayna, Azərbaycan və s. ölkələrin televiziyalarına müsahibəsində M.Saakaşvilinin üzləşdiyi ədalətsizliyi qabardır, laqeyid münasibətə görə Qərb ölkələrini sərt tənqid edir. Görünür, eks-prezident həbsxanada olsa da Ramiz Yunusun çıxışlarını ardıcıl izləyir, bu barədə məktubunda da qeyd edir.

Saakaşvili yazır:

“Ramiz Yunusa.

Hörmətli Ramiz!

Hər zaman böyük zövqlə sizin çıxışlarınıza baxıram. Siz çox ağıllı və dürüst bir insansınız. Təşəkkür edirəm ki, məni unutmursuz, indiki vəziyyətimdə bu mənim üçün həddindən ziyadə vacibdir. Sizə və mənim sevimli Azərbaycanıma uğurlar arzu edirəm, bağrıma basıram.

3 oktyabr, 2023-cü il”.

Ramiz Yunus “Facebook” səhifəsində Mixail Saakaşvilinin məktubuna yazdığı cavabında özü və Azərbaycan haqqında dediyi xoş sözlərə görə minnətdarlıq edib.

“Əziz Mixail!

Məktubunuz üçün, həm mənə, həm də vətənimə, sevimli Azərbaycanıma dediyiniz xoş sözlərə görə çox sağ olun. Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlər, ölkələrimizin xalqları üçün etdiklərinizə görə şəxsən çox dərin hörmət bəslədiyim insan kimi bunu sizdən eşitmək ikiqat xoşdur. Əziz Mixail, istəyirəm, onu da biləsiniz ki, sizi qorumaq mənim üçün şərəf və vicdan məsələsidir. Azərbaycanlılar çətin gündə dostlarını tərk etmir, xüsusən də sizin kimi ölkəmdə böyük nüfuza və hörmətə layiq şəxsi. Özündən muğayat ol əziz Mixail, Tiflisdə və ya Bakıda görüşənədək.

Sizi bağrıma basıram.

Hörmətlə Ramiz Yunus.

3 oktyabr 2023-cü il. ABŞ, Vaşinqton”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol