GÖRƏCƏYİMİZ NƏ GÖZƏL GÜNLƏR VARMIŞ!

Nurəddin İSMAYIL

Paramparça edilmiş, insanları qaçqın, köçkün düşmüş, ata yurdları viran qoyulmuş Vətənin öz bütövlüyünə qovuşması, bayrağının bir zamanlar əlçatmaz olan zirvələrimizdə yenidən dalğalanması pərişan könüllərə necə də məlhəm olarmış.

Var olasan, düşmən üzərində parlaq qələbə çalan müzəffər ordum! Gözün aydın, əzablardan, sarsıntılardan qurtulan millətim! Sağ olasan, xalqına bu məsud günləri yaşadan, müharibə estafetini ustalıqla, hər cür təzyiqlərə sinə gərərək, zəfərlə başa çatdıran Ali Baş Komandan!

Hər evdə şəhid acısı və hər evdə bu acılara təsəlli olan qələbə sevinci yaşanır, bu tarixi günlərdə. Ağır sınaqlardan keçdik, torpaq itkisinin, qaçqınlığın, köçkünlüyün ağır yükünü çəkdik, ana-bacıların ah-naləsinin əzabını yaşadıq, haqlı ikən haqsızlığa düçar olduq, şər qüvvələrin basqısına, beynəlxalq güclərin ədalətsiz tutumlarına, ikili standartlarına tuş gəldik. Soysuz haylar arxalandığı, güc aldığı dövlətlərin sayəsində 30 ildən çox torpaqlarımızı işğal altında saxladı, kəndlərimizi, şəhərlərimizi, gözəl Qarabağımızı viran qoydular, sərvətimizi taladılar, dini, mədəni dəyərlərimizi vandalcasına dağıtdılar, dünyanın kor olmuş gözləri qarşısında iyirminci əsrin Xocalı adlı soyqırımını törətdilər. Həm də bütün bu cinayətləri “öz müqəddəratını təyin etmə” haqqı kimi beynəlxalq aləmə sırıdılar. 

Beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin tozunulmazlığı, suverenlik kimi ali prinsiplərini saya salmadan azlıqda olan bir etnik topluma ikinci dövlət yaratmaq, Azərbaycana göz dağı vermək istədilər. Alınmadı, aldıra bilmədilər. Beynəlxalq şərait, yeni geosiyasi dəyişilmələr Azərbaycanı hərbi, siyasi, diplomatik sahələrdə zamanın tələbinə uyğun düşünülmüş addımlar atmağa, masada və sahədə öz sözünü deyməyə sövq etdi.

Günün biri əsgərimiz Ali Baş Komandanından “vur” əmrini aldı. Havadan “Bayraqdar”, qaradan çiynində yaralı səngər yoldaşını daşıyan əsgər vurdu. Başını qaldıran, bir də vuruldu. Özlərini məğlubedilməz, cəsur hərbçi sanan erməni dığaları bir həmlə ilə zərərsizləşdirildi, xəyanət nəticəsində əldə etdikləri Şuşanı qoyub qaçdılar. Çox çəkmədi, Xankəndini də tərk etdilər. Separatçı rejimin, hərbi xuntanın başında duranlar təhlükəsizlik xidmətimizin hədəfində. Bu müharibə caniləri bir-bir yaxalanaraq, qollarına qandal vurularaq Bakıya, hakim qarşısına gətirilir. Şuşa həbsxanasında əsirlərə olmazın əzabını, işgəncəsini verənlər, soydaşlarımızı quduzcasına güllələyib həyatına son verənlər indi hansı aqibəti yaşayacağını yaxşı dərk edir. Dəmir barmaqlıqlar arasında sıxıldıqca, etdikləri cinayətlərin əmrini kimdən aldıqlarını, hansı dövlətlərlə gizli sövdələşmələr yapdıqlarını bir-bir dilə gətirməyə məcbur olacaqlar.

Tarix müharibə canilərini heç vaxt unutmadı, gec ya tez, onlara, insanlığa qarşı işlətdiyi cinayətlərə görə divan qurdu. Separatçı rejimin başında duran bu canilərin xaqımıza etmədiyi pisliklər qalmadı, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu, sərvətindən hər kəsdən çox bəhrələndiyi dövlətimizin ərazi bütövlüyünü, suverenliyini sual altına salmaq cəhdində bulundu. Amma sonda millətimin “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarının vahiməsindən qorxuya düşüb, qaçmağa üz qoydular. Qaçan qaçdı, qalanlar da sığındıqları bunkerlərindən çıxardılaraq ədalət məhkəməsinə təhvil verildi.

İndi erməni havadarları son cəhdlərini edir, pula satıldıqları erməni lobbisinin ağzı ilə xor oxuyurlar. Fransa Azərbaycanla olan parlamentlərarası dostluq qrupunun ləğv olunması, dövlət rəsmilərinə iqtisadi sanksiyalar tətbiq edilməsi kimi məkrli oyunlara əl atır. İran gah sərhədimizə qoşun yığmaqla, gah hədələyici bəyanatlarla bədnam Ermənistanın müdafiəsinə qalxır. ABŞ senatının satılmışları Azərbaycanı “etnik təmizləmə”də suçlamaq istəyir. Avropanın hakim dairələri yenə də riyakarlığını, ikili oyunlarını davam etdirir.

Biz qələbənin asan əldə edilmədiyinin, bundan sonra başladılan quruculuq işlərinin qarşısında hansı əngəllər törədilə biləcəyinin, döyüş meydanında məğlub olmuşların diplomatik masada hansı hiyləgərliyə əl atacağının fərqindəyik. 

Ermənilər və onların beynəlxalq havadarları da çox şeyin fərqindədir. 

Bilirlər ki, Çindən tutmuş Avropaya qədər bir çox ölkələrin ticari, iqtisadi dövriyyəsini sürətləndirəcək transmilli dəhlizə mane olmaq, Zəngəzura yol alan Azərbaycan qatarını durdurmaq onlara nəsib olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar