Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ötən gün Avstriyanın Baş naziri Karl Nehammer ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, dövlət rəsmiləri görüşün ardından təşkil olunan birgə mətbuat konfransında çıxış ediblər.

İsrail-Fələstin münaqişəsi ilə bağlı önəmli açıqlamlar verən Ərdoğan, ABŞ-ın ünvanına sərt sözlər ünvanlayıb.

İlk öncə Qəzza zolağında baş verən hadisələri dəyərləndirən Ərdoğan, münaqişənin həlli ilə bağlı səylərini davam etdirdiklərini bildirib:“Hardadır insan haqqları? Qəzzalı qardaşlarımız 2 gündür ağır bombardmana məruz qalır. Qəzza xalqının yaşadığı faciəni yüngülləşdirmək və bölgəyə humanitar yardım çatdırmaq üçün səylərimizi davam etdiririk. Xüsusilə bir şeyin altından xətt çəkməli olacağam. İndi qərar verərkən ədalətli olmalıyıq. Məsələyə yalnız HƏMAS kimi yanaşsaq, bu ədalətli olmaz. HƏMAS-ın itkisinə, İsrailin itkisinə baxanda... Ciddi itkilər var. Bəs bu mərhələyə necə gəldik? Bu bir gündəmi baş verdi? Təəssüf ki, illərdir bu bu məsələ davam edir. Baxın, hazırda Qəzzaya su, elektrik enerjisi verilmir. Bəs insan hüquqları haradadır? Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə, siz suyu və ya işığı kəsə bilməzsiniz! İndi təsəvvür edirsinizmi, Qəzzada xəstəxanaların vəziyyəti necədir? Onlar fəaliyyət göstərirmi? Təəssüf ki, yox. Amansızcasına ibadət yerlərini və xəstəxanaları vururlar. Bunlar baş verərkən heç kim heç nə demir”.

ABŞ-ın öz təyyarədaşıyan gəmisini İsrailə göndərdiyini qeyd edən Türkiyə başçısı bildirib ki, bu təyyarələrlə Qəzzada böyük qırğınlar törədəcəklər:“ABŞ öz təyyarədaşıyan gəmisini İsrailə göndərir. ABŞ-ın təyyarədaşıyan gəmisinin İsraildə nə işi var? O nə etməyə gəlir? Bura gələn təyyarədaşıyıcıdakı qayıqlar və döyüş təyyarələri ilə nə edəcəklər? Qəzzanı və ətrafındakı bölgələri vuraraq ciddi qırğınlar törədəcəklər”.

“Bu gün Suriyada 20-dən çox ABŞ bazası var. ABŞ bazalarının Suriyada nə işi var? Bu bazalar vasitəsilə nələr edirlər? Təəsüf ki, ABŞ Türkiyənin PUA-larından birini vurdu. PUA-nı vurarkən Türkiyə ABŞ-ın NATO-dakı ortağı deyildimi? Birlikdə deyildimi? Bunu necə izah edəcəyik və necə qiymətləndirəcəyik? İşlərinə gələndə tərəfdaşıq. Bu gün ABŞ bütün terror təşkilatlarına təlim keçir, onları silahlandırır və təəssüf ki, Suriyanı, Yaxın Şərqi qan gölünə çevirir. Bunlara da baxaq”,-deyə o, bildirib.

“AzPolitika.info”