HƏMAS-ın İsrailə hücumu hazırkı Baş nazir Benyamin Netanyahu və onun başçılıq etdiyi “Likud” partiyasının reytinqinə sarsıdıcı zərbə vurub.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Maariv” mərkəzinin israilllilər arasında keçirdiyi sorğunun nəticələri əhalinin Netanyahuya inamının sarsıldığını göstərib. Belə ki, sorğuya görə, hazırda seçki keçirilsə, Netanyahunun partiyası cəmi 19 yer qazana bilər. Bu, partiyaya olan dəstəyin demək olar, yarıbayarı azalması deməkdir. Əksinə, müxalif “Milli birlik” partiyası isə özünün parlamentdəki yerlərinin sayını 12 yerdən 41 yerə qədər artıra bilər.
Bu partiyaya rəhbərlik edən Benn Qants hazırkı hakimiyyətlə birgə fövqəladə hökumət və hərbi kabinet yaratmağa razılıq verdiyi üçün reytinqini çox ciddi şəkildə yüksəldib. Sorğunun nəticələrinə görə, seçicilərin 48 faizi Qantsa, cəmi 29 faizi isə Netanyahuya səs verməyə hazırdırlar.
Maraqlıdır ki, HƏMAS-ın dəhşətli hücumuna rəğmən, israillilərin radikal partiyalara dəstəyi artmaq əvəzinə, azalıb. İndi həmin partiyalar parlamentdə cəmi 9 yer qazana bilərlər. Hansı ki, son seçkidə 12 yer qazanıblar.
“AzPolitika.info”


Şərhlər