“Avropadan, xüsusilə də, Fransadan Bakıya edilən təzyiqlər bundan sonra heç bir faktı dəyişməyəcək, çünki Azərbaycan artıq həm de-yure, həm də de-fakto öz ərazi bütövlüyünü bərpa edib”.
Bunu “AzPolitika.info” saytına açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, Avropa təşkilatlarından Azərbaycana qarşı edilən əksər təzyiqlərin arxasında Fransa və birbaşa Prezident Emmanuel Makron durur.
“Emmanuel Makron 2020-ci ildə 44 günlük müharibə zamanı erməni diasporunun təsiri altında Azərbaycana təzyiqlər etməyə çalışdı və hətta açıq şəkildə Ermənistana kömək edəcəyinə, Azərbaycanı durduracağına söz verdi. Lakin Azərbaycanın dövlət başçısı onun təzyiq və təhdidlərinə ciddi əhəmiyyət vermədi. Ondan sonra isə Makron özünü “sındırılmış” hiss edir və hər vəchlə Azərbaycandan “revanş” almağa çalışır. Digər tərəfdən Türkiyənin də regionda lider rolu Avropa dövlətlərini narahat edir. Onlar istəyirlər ki, vəziyyəti öz nəzarətlərinə alsınlar və hər hansı razılaşmada və ya sülh sazişində söz sahibi olsunlar. Makron ümid edirdi ki, Qranada sammitində Azərbaycan tərəfinə təzyiq etməklə, özünün darmadağın olunmuş imicini bərpa edə biləcək. Amma arzusu ürəyində qaldı”, - deyə deputat bildirib.
Partiya lideri xatırladıb ki, bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin Tiflisdə imzalanmasını təklif etmişdi. “Bu sazişin imzalanmasında üçüncü və ya dördüncü tərəf sadəcə müşahidəçi ola bilər. Çünki artıq faktları dəyişmək mümkün deyil. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, reinteqrasiya proqramını da açıqlayıb. Azərbaycanın beynəlxalq hüquqa uyğun addımlarından sonra hansısa ittihamlar və ya “etnik təmizləmə” ittihamları da səsləndirmək yersizdir. Ermənistana sadəcə Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanımaq, ərazi iddialarından və ittihamlardan əl çəkmək düşür. Makron belə bundan sonra bölgədəki reallığı dəyişdirə bilməz”, - deyə deputat əlavə edib.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər