Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəməsi fasilədən sonra davam etdirilir.
APA xəbər verir ki, fasilədən sonda prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi qismində Şakir Qonaqov dindirilib.
O bildirib ki, qardaşı Musa Qonaqov Meşəli kəndində şəhid olub: "Könüllü kimi oralarda xidmət edirdi. Hadisələr baş verəndən 3 gün sonra nəşi bizə verildi, həmin gecə dəfn elədik. Döyüş yoldaşları deyir ki, sona qədər vuruşub, son gülləsi ilə özünü öldürüb. Lakin nəşinin üstündə güllə izləri çox idi. Demək ki, şəhid olmuş qardaşımın nəşinə də güllə vurublar. Vaqif Xaçatryna ən ağır cəza verilsin. Güllələmək lazımdır. Bunlar Azərbaycanın çörəyini yeyiblər, qudurublar".
Daha sonra zərərçəkmiş Arzu Qasımova qeyd edib ki, hadisələr vaxtı 25 yaşı olub: "Allah bunların cəzasını versin, indi orada olanları danışmaq belə çətindir. Ağır cəza verin. Bunların körpələrimizə, qadınlarımıza yazığı gəlmədi. Meşəli hadisəsindən 3 gün əvvəl atam balaca bacımla məni Laçına aparıb qoymuşdu. Atam Meşəli hadisələrində şəhid olub, anam ağır yaralı olub. Yaralı halda anam meşənin içiylə gedib. Onun qanının izi ilə cammat yolu tapıb kənddən çıxmışdı".
Prosesdə zərərçəkən Süleyman Mahmudov da ifadə verib. O, Vaqif Xaçatryanın qardaşından danışıb: "Orada bizə səsgücləndirici ilə bunun qardaşı Aramis müraciət edirdi. Deyirdi ki, kəndi boşaldın, mühasirədəsiz. Lakin onlar hər tərəfi tuta bilməmişdi. Biz qocaları, qadınları, uşaqları yerbəyər edib, döyüşə girdik. Silah tapıb onlarla atışmağa başladıq. Bizi pulemyotla vurdular. Anam, bacımın uşağı, əmim oğlu, xalam oğlu şəhid oldu. Kənd camaatından eşitdim ki, hücum edən şəxslərdən biri Vaqif olub. Vaqif və vaqifkimilər yedikləri qaba tüpürənlərdir.
Bir şeyi anlamırdım ki, bunlar niyə belə etdilər? Normal yaşayırdıq, 1988-ci ildən sonar bunlar insanlıqdan çıxdılar".
Təqsirləndirilən şəxs bir daha hadisələr zamanı Meşəli kəndində olmadığını idda edib.
Zərərçəkən Sadiq Hacıyev isə bildirib ki, o vaxtlar cəmi bir dəfə Vaqifi görüb: "Mən hərbi xidmətdən yeni qayıdıb, polisdə işə düzəlmişdim. Hadisə günü yaralılar oldu. Biz təcili yardım maşını ilə Ramil Kazımovla çıxdıq. 2 kilometr yol getmisdik, “saxla” dedilər. Ramil dedi ki, bizə “saxla” əmrini verən Vaqifdir. Ramil maşını saxlayanda onu vurdular, yaralı halda maşını ərazidən çıxardı. Qabaqda sükana mən keçdim və onu Şuşaya qədər apardım. Ermənilərin özləri deyirdi ki, Ramilə atan Vaqif idi.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmədə zərərçəkənlər ifadə verib.
APA xəbər verir ki, zərərçəkənlərdən biri Nemət Rəcəbov deyib ki, Meşəlidə polis əməkdaşı olub: "Bizim kəndi birinci “Alazan”la vurdular. İnanmazdıq Badara kəndindən bizə hücum eləsinlər. Bunlar ömür boyu Meşəli kəndinin camaatının çörəyini yeyiblər. Yedikləri çörəyə dəyər vermədilər. Ağsaqqallar belə qərar verdi ki, ilk olaraq qadın, qoca, uşaqları kənddən çıxarmaq lazımdır. Bunlar kəndin güneyini tutdular, amma qüzey tərəfindən biz qadın və uşaqların bir qismini çıxarmağa nail olduq. Kolxoz binasını da vurdular. Biz orda müqavimət göstərəməyə çalışdıq. Kənddən 28 nəfəri öldürdülər, meyitlərinə işgəncə verdilər. Yaralı halda qonşu kəndə çıxdıq. Oradan bizi helikopterlə Ağdamın xəstəxanasına gətirdilər".
O, Vaqif Xaçatryanın bu proseslərdə iştirakçı olduğunu bildirib: "Vaqif kəndə hücuma rəhbərlik edənlərdən olub. Ona ən ağır cəza tələb edirəm".
Prosesdə 14:30-a qədər fasilə elan edilib.
***
Məhkəmədə Vaqif Xaçatryanın istintaqa verdiyi ifadəsi elan edilib.
APA xəbər verir ki, Vaqif Xaçatryan istintaqa verdiyi ifadəsində bildirib ki, 1955-ci il tarixdə Əsgəran rayonunun Badara kəndində anadan olub. Həmin kənddə qeydiyyatda olmaqla yaşayıb, evlidir və üç qız övladı var, ailədə ondan başqa iki qardaşı və bir bacısı olub. Bacısı və qardaşı Qarnik ölüb.
Vaqif Xaçatryan 1973-cü ildə üç aylıq hərbi avtomobil məktəbini bitirdiyini deyib. O, 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub, sonra isə Xankəndi şəhərində aqrar-sənaye idarəsində sürücü işləməyə başlayıb. 1992-ci ilin sentyabr ayında Robert Koçaryan Qarabağ Komitəsinin rəhbəri olduqdan sonra, 50-55 yaşına qədər ermənilərin özünümüdafiə adı altında Stepanakert şəhər hərbi komissarlığından səfərbərliklə xidmətə çağırılıb.
Bununla əlaqədar Vaqif Xaçatryan 100-ə yaxın Badara kənd sakini ilə birlikdə hərbi komissarlığa gedib qeydiyyata düşüb və kəndə qayıtdıqdan sonra, hərbi xidmətə çağırılanlar hər qrupda 33 nəfər olmaqla, üç qrupa bölünüblər.
Daha sonra isə hərbi komissarlığın hərbçiləri tərəfindən Əsgəran rayonunun Noragüh kəndinə apanılıb.
Orada onlara 5-10 gün müddətində silah doldurub boşaltmaq, hədəfə nişan alıb atəş açmaq ve digər təlim məşqləri keçirilib təlimdən sonra isə 1992-ci ilin sentyabr ayının ortalarında Vaqif Xaçatryanın olduğu qrup Fərrux dağının yüksəkliyinə aparılıb oradakı postda xidmət aparmaları tapşırılıb, 7 gündən bir həmin posta çıxıb 7 gün xidmət aparıb. V. Xaçatryan deyib ki, xidmətdə olduğu müddətdə Fərrux dağı ətrafında azərbaycanlılarla döyüş olmayıb, və o, həmin döyüşlərdə iştirak etməyib.
Bildirib ki, postda xidmət aparan zaman böyrəkləri və bağırsaqları soyuqladığına görə, o, 1992-ci ilin oktyabr ayının əvvəllərində Stepanakert şəhər xəstəxanasına gətirilib və orada təxminən 20 gün müalicə olunub. Sonra xəstəliyi ilə bağlı xidmətdən tərxis olunub. Mülki şəxs kimi arxa təminat xidmətində, Əsgəran rayonunun Noragüh kəndində yerləşən ərzaq anbarında fəhlə kimi işləməyə başlayıb.
1994-cü ilin iyun ayında müharibə qurtardıqdan sonra Vaqif Xaçatryan həmin işdən çıxıb və Badara kəndində təsərrüfatı ilə məşğul olmağa başlanıb. Təqsiləndirilən şəxs məhkəmədə Fərrux dağında postda xidmət etdiyi təsdiq edib: "Biz o vaxt özümüzü azərbaycanılardan müdafiə etmək üçün orada postda xidmət edirdik. Hərbi Komisarlıq tərəfindən bizə silah verilmişdi".
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi keçirilir.
APA xəbər verir ki, prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Vaqif Xaçatryan sərbəst ifadəsində ittihamları qəbul etməyib. O bildirib ki, orada yaşayan azərbaycanlıların hamısı ona yaxın adam olub.
Xaçatryan Xocalının Badara kəndində yaşadığını, sürücü işlədiyini qeyd edib. O, 1988-1992-ci illərdə keçirilən heç bir əməliyyatda iştirak etmədiyini iddia edib.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəmə prosesi davam edir.
"Report" xəbər verir ki, prosesdə dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov elan edib.
Hazırda V.Xaçaturyan məhkəmədə ifadə verir.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryan vəkili Natiq Bəybalayevdən imtina edib. Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib.
Vaqif Xaçatryan yeni vəkilinin hüququ yardımından istifadə edəcək.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.
"Report" xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən V.Xaçaturyanın ittiham aktının elan edilməsi gözlənilir.
Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.


Şərhlər