Menu

“Ermənistanı dəstəkləyən İran belə, bölgəyə Qərb qoşunlarının gəlməsinə razı deyil” - Politoloq

18.10.2023, 17:22
“Ermənistanı dəstəkləyən İran belə, bölgəyə Qərb qoşunlarının gəlməsinə razı deyil” - Politoloq

“Emmanuel Makronun Cənubi Qafqazla bağlı bütün ideyaları çürükdür və heç bir perspektivə malik deyil. Makron və Şolzun regiona qoşun gətirmək cəhdləri indiyədək Şarl Mişelin danışıqlarda çəkdiyi əziyyətin üzərinə kölgə saldı”.

Bunu “AzPolitika.info”-ya şərhində politoloq Tofiq Abbasov bildirib.

“Mən düşünürəm ki, bundan əvvəl İlham Əliyev və Nikol Paşinyanın görüşlərini təşkil edərkən Şarl Mişelin Azərbaycanla bağlı heç bir məkrli planı yox idi. Əlbəttə, Avropa İttifaqının özünün bölgə ilə bağlı siyasi və iqtisadi maraqları var, lakin hansısa şəkildə Azərbaycana təzyiqlər edilməsi, proseslərə müdaxilə cəhdləri görünmürdü. Makron və Şolz isə Qranada sammitində qurduqları planla və regiona Qərb kontingentini gətirmək cəhdləri ilə, indiyədək Şarl Mişelin də çəkdiyi əziyyətin və əldə olunan bütün irəliləyişlərin üzərinə kölgə saldılar”, - politoloq qeyd edib.

T. Abbasovun sözlərinə görə, ermənipərəst qüvvələr əvvəlcə, BMT Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycana təzyiq etməyə, sanksiyalar qoymağa, habelə, bölgəyə Qərb kontingentini gətirməyə çalışıblar: “Lakin bu cəhd boşa çıxdıqdan sonra Fransa Prezidenti Emmanuel Makron başda olmaqla bəzi ermənipərəst qüvvələr yeni məkrli plan üzərində işləməyə başladılar. Makronun niyyəti o idi ki, Qranada sammitində Azərbaycana təzyiq edərək, Qarabağa Qərb qoşunlarının yerləşdirilməsinə dair sənəd imzalatdırsın. Lakin İ. Əliyev siyasi uzaqgörənlik edərək, bu sammitə qoşulmadı. Regionun digər mühüm oyunçuları da ölkə başçısının bu addımını alqışladılar. Rusiya da, Türkiyə də buna qarşı çıxdılar. Hətta, indiyədək Ermənistanı dəstəkləyən İran belə, bölgəyə Qərb qoşunlarının gəlməsinə razı deyil”.

“Bu məsələdə regionda olan digər oyunçuların da münasibəti xüsusi əhəmiyyət daşıyır. Ermənistandan fərqli olaraq, Azərbaycan stabil siyasi xətt yürüdür. Bunu İranda da, Rusiyada da yaxşı görürlər. Bizə “sırıdılmağa” çalışılan “beynəlxalq kontingent” məsələsində də Azərbaycanın qətiyyətli mövqeyi bütün region oyunçularının maraqlarına cavab verir. O ki qaldı Ermənistana Qərb qoşunlarının gəlməsinə, orda Fransanın kontingenti artıq var. “Müşahidəçi” qismində Fransadan Ermənistana gələnlərin çoxu keçmiş jandarma və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Elə ona görə də, Azərbaycan bu “müşahidəçi”ləri öz ərazisinə buraxmadı”, - deyə politoloq bildirib.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-10-18 19:35:28

Çox marağlıdır,qərb qoşunları hansı yolla ermənistana daxil ola bilər,Gürcüstandan?məncə buda qərb üçün gecdir,çünki Gürcüstan belə bir ciddi səhfə yol versə onu nə gözləyir gürcü siyasətçiləri gözəl anlayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol