Oktyabrın 18-də parlamentdə hakim “Gürcü Arzusu” və onun müttəfiqi Avropa Sosialistlər Partiyasından olan 86 deputat ölkə Prezidenti Salome Zurabişvilinin hakimiyyətdən kənarlaşdırılması üçün səs verib. Amma səslərin sayı dövlət başçısını impiçment elan etmək üçün kifayət etməyib.
İmpiçment cəhdi Gürcüstan Konstitusiya Məhkəməsinin səs çoxluğu ilə dövlət başçısının hökumətin icazəsi olmadan Brüssel, Berlin və Parisə səfər edərək ölkənin əsas qanunlarını pozması barədə qərar çıxardıqdan sonra həyata keçirilib.
Prezidenti istefaya göndərmək üçün onun opponentləri yüz səsdən üçdə ikisini toplamalı idi, lakin müxalifət partiyaları, o cümlədən Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı demək olar ki, yekdilliklə səsverməni boykot edib, bir deputat isə əleyhinə səs verib.
Parlament üzvləri qarşısında çıxış edən Prezident Zurabişvili baş verənləri “Gürcüstanın Avropa gələcəyinə impiçmenti” adlandırıb. O, əsas qanunu pozmadığını bildirib.
Bu ilin dekabrında Avropa Komissiyasının Qafqaz ölkəsinə Aİ üzvlüyünə namizəd statusunun verilməsi məsələsini müzakirə edəcəyi gözlənilir. İndi Gürcüstan “Avropa perspektivi” olan ölkə sayılır.
Bu yaxınlarda Tbilisiyə səfəri zamanı Avropa diplomatiyasının rəhbəri Cozep Borrell xəbərdarlıq edib ki, Gürcüstan bu günə qədər Aİ-nin ölkəni Avropa ictimaiyyətinə yaxınlaşdırmaq üçün lazım olan on iki islahat tövsiyəsindən yalnız üçünü yerinə yetirib.
“AzPolitika.info”


Şərhlər