Bu həftə Rusiya Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən (CTBT) çıxıb. Yerli mətbuata müsahibələr verən Dövlət Dumasının üzvləri hökumətin bu qərarını yüksək qiymətləndirirlər.

Onlardan Pyotr Tolstoy hesab edir ki, BMT, NATO, G7 və digər dünya səviyyəli başqa institutlarda əsas postulat və sazişlərə əməl olunmasına “xəyanətkarcasına məhəl qoyulmadığına görə” və dünyada mövcud vəziyyəti nəzərə alaraq, CTBT-dən çıxmaq qərarı düzgün addımdır: “Müqavilənin ratifikasiyasının geri götürülməsi ABŞ-ın milyonlarla insanın həyatına bais olacaq hərəkətsizliyinə güzgü cavabıdır. 23 il ərzində Rusiya Vaşinqtonun bu sənədi ratifikasiya edəcəyini gözlədi, lakin bu baş vermədi. Özlərini dünyanın ağaları kimi zənn edən bu insanlar qarşısında hədsiz öhdəliklər götürməyimizin mənası yoxdur”.

Deputat Leonid Slutski isə hesb edir ki, nüvə silahlarına nəzarət sahəsində ABŞ-la paritetin bərpası üçün böyük addım atılıb. “Beləliklə, Rusiya təkcə ABŞ-a deyil, həm də Moskvanın tamamilə ədalətli mövqeyi qarşısında “məyusluqlar paradı” keçirmiş kollektiv Qərbə düzgün cavab verir, qərəzli beynəlxalq təşkilatlara aydın siqnal göndərir”, - o qeyd edib.
Deputatın sözlərinə görə, Rusiya tərəfinin ratifikasiya sənədi qanunla ləğv edilir: “Federasiya Şurası tərəfindən təsdiq edildikdən və Rusiya Prezidenti tərəfindən imzalandıqdan sonra bildiriş BMT Baş katibinə göndəriləcək. Rusiya CTBT-dən çıxmır və nüvə sınaqlarına moratorium üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir. Bu yalnız Vaşinqtonun nüvə sınaqları ilə bağlı öhdəliklərə əməl etdiyi müddət ərzində qüvvədədir. Biz ABŞ-ın reaksiyasını və hərəkətlərini izləyəcəyik. Rusiya qlobal nüvə təhlükəsizliyinə tam uyğunluq kontekstində öz milli maraqlarını rəhbər tutur. Və burada heç kimin bizi nədəsə ittiham etməyə haqqı yoxdur!”

Tanınmış analitik Sergey Markov isə bu qərarın doğru zamanda verilməsinə şübhə ilə yanaşır: “Rusiya nüvə silahı sınaqlarına qadağa müqaviləsini ləğv edib. Bu, Qərbə bir mesajdır. Amma bunu Qərb Rusiyanın zəifliyinin təzahürü kimi qiymətləndirir. Çünki bu, NATO ölkələrinin sistemli şəkildə həyata keçirdikləri real eskalasiyaya kağız üzərində cavabdır. Onsuz da nüvə silahı sınaqları olmayacaq. Bəli, bu onlara lazım deyil, çünki ətraf mühitdən başqa heç bir şeyə təsir göstərmirlər. Bu, Qərb tərəfindən Rusiyanın real eskalasiyaya qərar verməkdə acizliyi kimi qəbul edilir”.
Politoloq Sergey Mardan da hesab edir ki, Qərb bu siqnalı Moskvanın nəzərdə tutduğundan tamam başqa cür qəbul edir. “Qərb üçün bu, Rusiyanın zəifliyinin təzahürüdür”, - o əlavə edib.
Ekspert əlavə edib ki, artan eskalasiyaya, Ukraynaya getdikcə daha müasir zərbə silah sistemlərinin tədarükünə cavab olaraq Rusiya bəzi mənasız diplomatik addımlar atır və sülh danışıqları haqqında danışmağa davam edir: “Son günlərin rəsmi ritorikasından “hücumedici” kontekst, hətta sırf nəzəri mənada belə, tamamilə yoxa çıxıb. Qeyd olunur ki, biz xətlərimizi gücləndiririk, mövqelərimizi təkmilləşdiririk və fəal müdafiə aparırıq”.
“AzPolitika.info”


Şərhlər