Qarabağdakı qondarma qurumun süqutunu imzalayan “sabiq prezident” Samvel Şahramanyan Ermənistanda çətin durumla üzləşib.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Qarabağı tərk edən ermənilər qondarma qurumun İrəvandakı “nümayəndəliyi” qarşısında aksiya keçiriblər. Daha sonra polis kardonunu yarmağa çalışan ermənilər Şahramanyanla görüş tələb ediblər. 

Özlərini qondarma qurumun “dövlət qulluqçuları” kimi təqdim edən bu şəxslər Şahramanyandan maaş tələb edirlər və digər sosial problemlərin həllilə bağlı izahat istəyirlər. Onların qarşısına çıxan “sabiq prezident” etirazçıların suallarını cavablandıra bilməyib və aradan çıxıb. Bu isə onları daha da hiddətləndirib və kütlə binaya daxil olub. Hazırda vəziyyətin gərgin olduğu bildirilir.

Bu arada qeyd olunur ki, Şahramanyan Qarabağdan qaçandan bəri Ermənistan Baş naziri Nikol Paşinyanın qəbuluna düşə bilmir. Paşinyanın onu qəbul etmək istəmədiyi bildirilir. Baxmayaraq ki, daha öncə belə bir görüşün təşkilini hökumət özü təklif etmişdi. İndi isə hansısa səbəbdən Paşinyanın Şahramanyanı görmək istəmədiyi və görüşü bilərəkdən yubatdığı qeyd olunur. 

Ehtimal edilir ki, səbəb Şahramanyanın Paşinyan hökumətindən pul tələb etməsidir. Hansı ki, hökumət artıq qondarma qurumun “administrasiyasına” pul ayırmaq fikrində olmadığını və əvəzində, Qarabağdan gələn ermənilərin yerləşdirilməsilə məşğul olduğunu bəyan edib.

C.Məmmədov

“AzPolitika.info”