Menu

Fransa Brüssel formatını sabotaj edə biləcəkmi? – “Görək, hara qədər oynayırlar...”

21.10.2023, 19:38
Fransa Brüssel formatını sabotaj edə biləcəkmi? –  “Görək, hara qədər oynayırlar...”

Oktyabrın sonunda Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşüşünün keçiriləcəyi gözlənilir. Tərəflər razılıq versələr də görüşün dəqiq tarixi açıqlanmayıb.

Politoloq Fərhad Məmmədov bildirir ki, Brüsseldə gözlənilən görüş uğursuz Qranada sammitindən sonra keçiriləcək. O, xatırladır ki, Fransa öz gündəliyi ilə Azərbaycan Prezidentini danışıqlar masası arxasına cəlb edə bilmədi.

“O, məqsədinə çatmaq üçün Almaniya kanslerinin prosesdə iştirakından istifadə etmək istəyib, lakin bu da nəticə verməyib. Kansler Qranada görüşündən əvvəl Azərbaycan Prezidenti ilə ayrıca danışıb” –deyə, ekspert xatırladır.

F.Məmmədov deyir ki, Aİ-də Fransa ilə Almaniya arasında danışıqsız “işbölgüsü” mövcuddur: “Almaniya Mərkəzi Asiya, Fransa Cənubi Qafqazla bağlı məsələlərdə liderlik edir. Bu bölgyə görə, Berlin və Paris bir-birini tamamlayır və dəstəkləyirlər. Buna görə də kansler Fransanın təşəbbüslərində iştirak edir. Azərbaycan Prezidentinin Qranadaya getməkdən imtina etməsi Fransanın regiondakı mövqeyinin zəif olmasına dair Almaniyayaciddi siqnaldır. Belə ki, Almaniyanın Parisin liderliyini qəbul etməsi onun Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqları üçün təhdidir. Fransa artıq Berlin və Brüsseli Ermənistana birtərəfli zəmanət verdiyi Qranada sənədinə qoşa bildi”.

Politoloq qeyd edir ki, son bir həftə ərzində Fransa Brüssel görüşü ilə bağlı bəzi addımlar atıb. O, Fransa Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurası səviyyəsində elan etdiyi təşəbbüsü, Ermənistanla hərbi-texniki əməkdaşlıq, Avropa Parlamentinin, AŞPA və Aİ-nin qətnamələrini yada salır.

Niyə tələsirlər?

Ekspert vurğulayır ki, rəsmi Paris təşəbbüslərinin uğursuzluğu fonunda Berlin qarşısında simasını itirməmək üçün çarəsiz hərəkətləri ilə Şarl Mişel üçün birtərəfli Qranada bəyanatı ilə çərçivə yaratmağa çalışır: “Fransa üçün özünün iştirakı olmadan üçtərəfli görüşün keçirilməsi vaxt itkisidir, ona görə də görüş ya Parisin müəyyən etdiyi çərçivədə olmalıdır, ya da heç baş tutmamalıdır. Şarl Mişeldən çox şey asılıdır, onun görüşə necə hazırlaşacağı və gündəliyi necə tərtib edəcəyi maraqlıdır.

Bakı və Paris münasibətlərində ziddiyyətlər artıq bütün hədləri keçib: Fransanın müstəmləkəçi siyasəti ilə bağlı Bakıda qaldırılan məsələ Azərbaycanın uzunmüddətli qarşıdurmaya hazır olmasından xəbər verir. Fransa regional qarşıdurmanın fitilini alovlandıraraq daha da irəli gedə biləcəyini ehtimal etmək olar”.

F.Məmmədov hesab edir ki, sülh müqaviləsi gündəmi uğurlu olarsa, Fransa Ermənistan və regionla bağlı bütün təşəbbüslərinin havadan asılı qaldığı, Bakı ilə münasibətlərin gərginləşdiyi vəziyyətə düşəcək: “Ermənistandan gələn açıqlamalar - Paşinyan Qarabağda kütləvi qırğın olmadığı barədə əvvəlki bəyanatını inkar edir, Şahramanyan bir sərəncamla “respublikanı” məhv etməyin mümkün olmadığını deyir - İrəvan geri oynamağa çalışdığını göstərir. Görək, hara qədər oynayırlar...”

Politoloq vurğulayır ki, Azərbaycan çoxşaxəli çağırışlarla üzləşir: “Brüssel formatını konstruktiv istiqamətə qaytarmaq lazımdır. Çünki Qranada görüşü zamanı birtərəfli bəyanat qəbul olundu. Fransa çalışır ki, Şarl Mişeli bu bəyanatın çərçivəsində saxlasın. Ona görə də biz çalışmalıyıq ki, Şarl Mişeli və Brüssel formatında Azərbaycanın maraqlarına uyğun olaraq konqtruktivlik bərpa olunsun.

Fransanın dağıdıcı mövqeyini Brüssel-Paris-Berlin üçbucağında marginallaşdırmaq lazımdır. Çünki onlar çalışırlar ki, Berlin və Brüsseldən bizə qarşı istifadə etsinlər. Biz də çalışmalıyıq ki, Fransanın birtərəfli maksimalist yanaşmasını həmin Berlin və Brüssel vasitəsi ilə çərçivəyə salaq.

Nəzərə almaq lazımdır ki, Rusiya formatı da artıq Ermənistan üçün məqbul deyil. Brüssel formatı Fransanın istəyi ilə konstruktivliyini itirsə, o zaman digərlərini, məsələn, ABŞ formatını yenidən aktuallaşdırmaq, həmçinin yeni formatları müəyyən etmək lazımdır”.

F.Məmmədov hesab edir ki, Bakı öz istəklərini, gözləntilərini müəyyən etməlidir və hansı format onun maraqlarına cavab verirsə, oradan irəli getməlidir.

“Mən düşünürəm ki, Tiflisdə görüş məsələsi də buna görə idi” – deyə, politoloq bildirib.

Rasim Əliyev

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol