Milli məclisin deputatı Fazil Mustafa bu günlərdə yerli saytların birinə maraqlı açıqlamalar verib.

Deputat son günlər sosial şəbəkələrdə əsas müzakirə mövzularından olan “paytaxtın köçürülməsi” məsələsindən danışıb. F. Mustafa belə bir məsələnin mümkün ola biləcəyini deyib: “Həqiqətən də Bakının sıxlığının azaldılması üçün biz İstanbul-Ankara, yaxud Peterburq-Moskva modelinin birini tətbiq etməliyik. Tarixdə bunun nümunələri var. Lakin fikrimcə, paytaxt müzakirəsi ilə bağlı indi səsləndirilən Xankəndi və yaxud Ağdam variantları məqbul deyil. Göyçay-İsmayıllı bölgəsi üzərindən Azərbaycanın mərkəzi coğrafi yerləşim nöqtəsinə uyğun paytaxt seçilməsi daha məqsədəuyğun olar”.

Deputat əlavə edib ki, bu, lazımlı olsa da, böyük vəsait tələb edən bir addımdır: “Birmənalı şəkildə Bakının yükünü azaltmaq üçün paytaxtın bölgəyə köçülməsi olduqca vacibdir. Bunun hansı şərtlərlə mümkün olacağı haqda fikir söyləmək bir qədər çətindir. Çünki bunun üçün böyük maddi resurslar sərf olunmalıdır. Amma biz bu mövzunu düşünməliyik. Çünki Bakının məhdud ərazisində və natamam infrastruktur şəraitində çox sayda əhalinin hərəkət etməsini, iş prosesinin canlı saxlanmasını təmin edə bilmərik. Tıxac iqtisadi cəhətdən ölkəyə çox böyük zərbə vurur. Həmçinin, təhsil, əmək fəaliyyəti ilə bağlı böyük problemlər yaradır. İş həyatını və iqtisadiyyatı da ciddi şəkildə öz təsiri altında saxlayır. Ona görə də bu mövzunu yaxın zamanlarda həll etmək olduqca vacibdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxt kimi təklif olunan şəhərlərin başında Xankəndi gəlir. Təklif isə belədir ki, burada Türkiyə modelindən istifadə edərək, Ankara kimi Xankəndini də parlament paytaxtına çevirmək olar.

Qeyd olunur ki, bütün QHT-lər və nazirliklər, paytaxtdakı bir sıra universitetlər Xankəndiyə köçürülərsə, Qarabağda əhali artımı daha sürətli şəkildə icra oluna və Bakının əhali yükü bir qədər də olsa azaldıla bilər. Lakin Xankəndinin coğrafi mövqeyi və təhlükəsizlik məsələləri ilə bağlı bu fikrə qarşı çıxan insanlar da var.

İqtisadçı Xalid Kərimli isə bu barədə “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, səsləndirilən təkliflər o qədər də ağlabatan deyil:“Mən bu təklifi dəstəkləmirəm. Çünki paytaxt salmaq çox böyük vəsait tələb edən bir məsələdir. Bu, milyardlarla pulun küçəyə səpələnməsinə gətirib çıxaracaq və heç bir fayda verməyəcək. Bu gün şəhər təsərrüfatını effektiv şəkildə idarə edə bilməyən şəxslər paytaxtı başqa bir yerə köçürməklə nəyəsə nail olmayacaqlar. İnsanları məcburi formada başqa bir bölgəyə apararaq orada paytaxt yaratmaq da olmaz. Əgər Bakıda sıxlıq varsa, artıq bu, başqa bir problemdir. Biz paytaxtı bir yerdən başqa yerə köçürsək belə bu məsələ həllini tapmayacaq. Paytaxtdakı sıxlıq Bakının infrastrukturunda, Bakı şəhər İcra Hakimiyyətinin, eləcə də hökumətin şəhərsalma sahəsində olan uğursuzluğundan qaynaqlanır”.

Ekspert Bakıdan daha çox əhalisi olan şəhərlərdə belə bir təkliflərin ortaya atılmadığını deyib:“Bakıda nə qədər əhali var ki? Maraqlıdır bu cür təklif verən insanlar dünyanın siyasi xəritəsinə baxırlarmı? Bakıdakı əhalinin sayı rəsmi rəqəmlərlə 2 milyon, qeyri-rəsmi rəqəmlərlə isə 3 milyondur. Bu gün biz baxsaq görərik ki, Çində 3 milyon əhalisi olan şəhərlərin sayı bəlkə də, 50-100 arasındadır. Çində 10-a yaxın şəhər var ki, 30 milyon əhali yaşayır. Dünyada da onlarla şəhərlər var ki, əhalisi nəinki Bakıdan, Azərbaycandan belə çoxdur”.

“Bakıdakı sıxlığın qarşısını almaq üçün ilk növbədə şəhərsalmanı ağıllı surətdə icra etmək lazımdır. Şəhəri kiçik bir ərazidə toplamaq da düzgün deyil. Hər hansı binanın tikintisinə icazə veriləndə bir sıra nüanslar mütləq nəzərə alınmalıdır. Baxmaq lazımdır ki, bu tikitiyə icazə verilsə, bölgədə avtomobillərin sayı nə qədər aratacaq? Hazırkı yol sxemi, kanalizasiya sistemi buna imkan verirmi? Parklanma ilə bağlı şərait varmı? Düşünürəm ki, şəhər mərkəzə doğru deyil, kənarlara doğru böyüməlidir. Şərt deyil ki, hər kəs mərkəzə, eyni nöqtəyə toplaşsın. Şəhərətrafı ərazilər inkişaf etməlidir”,-deyə ekspert əlavə edib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.