Menu

“Rot kimi siyasətçilərin təhtəlşüurunda faşizm cizgiləri hələ də qalır” – MİLLƏT VƏKİLİ

24.10.2023, 16:30
“Rot kimi siyasətçilərin təhtəlşüurunda faşizm cizgiləri hələ də qalır” – MİLLƏT VƏKİLİ

“AzPolitika.info” millət vəkili Etibar Əliyevin Milli Məclisin bugünkü iclasında etdiyi çıxışı təqdim edir:

“Nobel mükafatı laureatı, böyük alman yazıçısı Günter Qrass "Yaddaşın soğanağı" romanını 2 sualın axtarışına həsr edib. İlk sual budur: Dunyaya böyük maarifçilər və humanistlər vermiş, dünyada ən yaxşı hesab olunan klassik məktəb təhsili və pedaqogika sistemini yaratmış Almaniya, ideyaları bu günün özündə də gənc almanlar arasında tərəfdar tapmaqda olan nasional-sosializmə-faşizmə necə yuvarlanmışdır?!

Böyük yazıçı bu əsərində Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rot kimilərini əvvəlcədən duyurmuş. Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri Maykl Rotun verdiyi bəyanatları qətiyyətlə rədd etmiş və siyasi riyakarlıq kimi qiymətləndirmişdir. Erməni faşizmini dəstəkləyən bu siyasətçinin 16 sentyabr 2022-ci il tarixində verdiyi məsuliyyətsiz bəyanatına diqqət edək: “Azərbaycan Rusiyanın zəifləməsindən istifadə edib ərazi iddialarını genişləndirmək istəyir. Biz Ermənistanı təkcə Rusiyanın öhdəsinə buraxa bilmərik”.

Onun 23 oktyabr 2023-cü il tarixli bəyanatından: “Avropa ittifaqı hərbi alyans deyil, bizim Ermənistana yardımlarımız humanitar, siyasi, sosial, iqtisadi istiqamətlərdədir, lazım gəlsə hərbi istiqamətdə də dəstək verə bilərik.”

Avropa İttifaqı belələrinə qurumun adından danışmağa rəvac verir? Erməni faşizminə dəstək göstərən belə siyasətçilərin təhtəlşüurunda faşizm cizgiləri hələ də qalır. Və belələri ifşa olunmalıdır.

BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında Ararat Mirzoyanla Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalını, millətimizə qarşı etnik təmizləmə və amansız cinayətləri pisləməkdən həmişə çəkinən Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ortasında əyləşmiş Almaniyanın xarici işlər naziri Annalena Berbok sanki onların çıxışlarını köçürmüşdü. Bunlar bilərəkdən özlərini erməni vəhşiliklərindən, erməni faşizmindən xəbərsiz kimi aparır və vicdansızlıq edirlər.

Günter Qrass bu məşhur romanını 2008-ci ildə yazmışdır. O zaman Maykl Rotun 33, Annalena Berbokun isə 23 yaşı var idi. Böyük yazıçı onlara bənzər obrazlarda faşizmə necə yuvarlanmağı çox gözəl təsvir etmişdir.

Biz belə siyasi tiplərin mövqeyini alman xalqının mövqeyi kimi qəbul etmirik. Lakin faşizmi və barbarlığı dəstəkləyən siyasilərin addımlarını hər iki tərəf qarşılıqlı olaraq pisləməlidir.

Günter Qrassın təbirincə desək, neofaşizm hər gün lənətlənməlidir”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol