Menu

Rus oliqarxlar Avropa ilə ticarəti genişləndirir – Metal biznesində milyardlarla dollar gəlir var

25.10.2023, 08:45
Rus oliqarxlar Avropa ilə ticarəti genişləndirir – Metal biznesində milyardlarla dollar gəlir var

Sanksiyalara baxmayaraq, Avropa şirkətləri Rusiyadan metal almağa davam edir. “Investigate Europe” nəşrinin yazdığına görə, 2022-ci ilin mart ayından etibarən Rusiya metallurgiya məhsullarının Avropa İttifaqına (Aİ) ixrac həcmi təxminən 14 milyard avro təşkil edib. Avropa şirkətləri təkcə 2023-cü ilin altı ayı ərzində 5 milyard avro dəyərində Rusiya metalı idxal edib.

Avropa Siyasət Mərkəzinin məlumatına görə, Avropada istifadə edilən nikelin 90%-ə qədəri Kremlə yaxın olan Rusiya təchizatçılarından gəlir.

Belə ki, Vladimir Potaninə məxsus Norilsk Nikel şirkəti Finlandiya və İsveçrədəki vasitəçilərin köməyi ilə 2022-ci ilin mart ayından etibarən Aİ-yə 7,6 milyard dollar dəyərində nikel və mis ixrac edib, - “Investigate Europe” yazır.

Jurnalistlər “Rostec”ə məxsus ən böyük titan istehsalçısı VSMPO-AVISMA korporasiyasının 2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər Aİ-yə ən azı 308 milyon dollar dəyərində titan satdığını aşkara çıxarıblar.

“2022-ci ilin martından 2023-cü ilin martına qədər Rusiya korporasiyasının ən böyük müştəriləri arasında 23 milyon dollar dəyərində titan idxal edən “Airbus” aerokosmik şirkəti də var ki, bu da əvvəlki dövrlə müqayisədə dörd dəfə çoxdur”, - “Investigate Europe” yazır.

Ötən ilin dekabr ayında “Airbus” yaxın aylar ərzində Rusiyadan titan idxalını mərhələli şəkildə ləğv etməyi planlaşdırdığını açıqlamışdı.

Jurnalistlərin fikrincə, 2023-cü ilin mart ayından etibarən VSMPO-AVISMA korporasiyası müştərilərini gömrük bəyannamələrində göstərməyib, lakin “Airbus” hələ də Rusiya şirkətinin müştərisi kimi qeyd olunur.

Rusiya ən böyük titan istehsalçısıdır. Bu metal əsasən təyyarə mühərriklərində və böyük təyyarələr üçün eniş mexanizmlərində istifadə olunur. Müharibədən əvvəl Rusiyanın VSMPO-AVSİMA şirkəti “Boeing”in bütün titan ehtiyaclarının 35%-ə qədərini, “Airbus” Qrupunun tələbatının 65%-ni təmin edirdi.

Digər əsas metal tədarükçüsü isə rusiyalı milyarder Oleq Deripaskaya məxsus “Rusreal” şirkətidir. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra, sanksiyalara baxmayaraq, şirkət Avropa İttifaqına 2,6 milyard dollar dəyərində alüminium ixrac edib. Rusiya metallarının ən böyük alıcıları arasında Almaniyanın “GGP Metal Powder”, Fransanın silah istehsalçısı “Safran” və Yunanıstanın “Elval Halcor” şirkətləri var.

2023-cü ilin may ayında Böyük Britaniya Rusiyadan alüminium, nikel və mis daxil olmaqla metal alışına embarqo qoyub. Rəsmi London Rusiya metal istehsalçılarına qarşı da sanksiyalar tətbiq edib. Buna baxmyaraq, titan hələ də sanksiyalar siyahısına daxil edilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol