Menu

Avropa İttifaqı Ukraynanın üzvlük müraciətinə müsbət cavab verməyə hazırlaşır – Üç mənbə təsdiqləyir...

25.10.2023, 14:48
Avropa İttifaqı Ukraynanın üzvlük müraciətinə müsbət cavab verməyə hazırlaşır – Üç mənbə təsdiqləyir...

“Avropa Komissiyasının noyabrın 8-də Ukraynanın üzvlük müraciətinə müsbət qiymət verəcəyi gözlənilir”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Röyter” agentliyi üç diplomatik mənbəyə istinadla yazıb.

Qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ali icra qurumunun tövsiyəsindən sonra üzv dövlətlərin liderləri Ukrayna ilə real danışıqlara başlamaq üçün razılıq verməli olacaqlar. Aİ rəsmilərinin dekabrın 14-15-də keçiriləcək sammit zamanı bu barədə qərar qəbul edəcəyi gözlənilir.

Avropa Komissiyasının (AK) Ukrayna üçün üzvlük danışıqlarının başlanmasını dəstəkləyəcəyi ehtimal edilsə də, Kiyevdən korrupsiya ilə mübarizə və milli azlıqların hüquqlarını qorumaq üçün əlavə addımlar atması tələb oluna bilər. Məlumata görə, sonuncu məqam Budapeştin uzun müddətdir Ukraynanın qərbindəki macar etnik azlığına qarşı dil hüquqları ilə bağlı ayrı-seçkilikdən şikayətləri ilə bağlıdır.

Qoşulma prosesinin bir hissəsi olaraq Kiyevə üzvlük danışıqlarına başlamaq üçün cavab verməli olduğu yeddi meyar təqdim edilib.

Baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina sentyabr ayında Ukraynanın məhkəmə və media sahəsində zəruri qanunvericilik işi ilə bağlı Aİ-nin tövsiyələrini artıq həyata keçirdiyini bildirib və əlavə edib ki, digər sahələrdə islahatlar davam edir.

Oktyabrın əvvəlində Ukraynanın bütün yeddi kriteriyaya cavab verməkdə nə qədər irəlilədiyini soruşduqda, Aİ rəsmisi “Politico”ya bildirib ki, irəliləyiş ümidvericidir, qısa müddətdə yalnız milli azlıqlarla bağlı sahə problemli görünür.

AK-nın digər namizədlərlə bağlı qiymətləndirməsini dərc edəcəyi gözlənilir. Mənbələr qeyd edirlər ki, Moldova müsbət qiymət ala bilsə də, Gürcüstan üçün hələ bir qərar yoxdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol