Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov “feysbuk” sosial şəbəkəsində işğaldan azad olunmuş rayonların kənd təsərrüfatı potensialı ilə bağlı məqalə yayımlayıb.
“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq, sabiq nazirin məqaləsini təqdim edir:
2020-ci ilin noyabrında şanlı ordumuz İkinci Qarabağ müharibəsində qələbə qazandı. İşğal edilmiş Qarabağ ətrafinda 7 rayon və Şuşa şəhəri azad edildi. Bu, xalqımızın illər boyu səbirsizliklə gözlədiyi çox böyük bir an idi. Buna baxmayaraq, bir sıra hakimiyyət hərisləri bu qələbəni lazımınca qiymətləndirməyib, cəmiyyətdə belə bir fikri təbliğ edirdilər ki, bu, qələbə deyil. Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda və Qarabağın digər inzibati mərkəzlərində, bölgələrində dövlət hakimiyyəti təmin edilməyib.
Şükürlər olsun Tanrıya, hazırda Qarabağın bütün ərazisində dövlət hakimiyyətimiz təmin edilib, Xankəndi başda olmaqla, bütün inzibati ərazi mərkəzlərində üçrəngli bayrağımız Prezidentimiz tərəfindən ucaldılıb.
Ölkənin ərazi bütövlüyü, suverenliyi təmin edilib. Separatçı, qondarma rejimin rəhbərləri həbs edilib, onların cinayət əməlləri aidiyyatı orqanlar tərəfindən araşdırılır. Yəqin ki, layiq olduqları cəzaları da alacaqlar. Son 3 ildir azad edilmiş ərazilərdə böyük quruculuq, tikinti-bərpa işləri həyata keçirilir. Müasir standartlara uyğun yollar salınır, hava limanları, nümunəvi kəndlər tikilib istifadəyə verilir, rayon mərkəzlərinin, kəndlərin bərpasına başlanılıb. Şuşa və Laçın şəhərləri əsasən bərpa edilib, bu şəhərlərdə mütəmadi olaraq beynəlxalq miqyaslı tədbirlər keçirilir. Böyük köç başlayıb.
Sizə təqdim olunan bu yazıda məqsədim işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatı sahəsi, ümumiyyətlə ölkəmizin ərzaqla təminatında bu iqtisadi zonanın ehtiyat mənbələri haqqında məlumat vermək, fikir mübadiləsi aparmaqdır. Təqdim olunan materiallar ümumi sözlərə yox, konkret faktlara əsaslanır.

İşğaldan azad olunan torpaqların ümumi sahəsi 14 368 kv.km-dir. O cümlədən, azad edilmiş 7 rayon və Qarabağ bölgəsi üzrə:
Kəlbəcər rayonu - 3050 kv.km.
Laçın rayonu -1835 kv.km.
Füzuli rayonu - 1386 kv.km.
Ağdam rayonu - 1150 kv.km.
Cəbrayıl rayonu - 1050 kv.km.
Qubadlı rayonu - 802 kv. km.
Zəngilan rayonu - 707 kv.km.
Qarabağ (keçmiş DQMV) - 4388 kv.km.
İşğaldan azad edilmiş torpaqların ümumi miqdarı Ermənistan ərazisinin (29743 kv.km) 48.3 faizini təşkil edir. Bu rəqəm onu göstərir ki, Ermənistan ərazisinin 50 faizi qədərindəki torpaqlarımız rus qoşunlarının hesabına işğal edilmişdi. Digər tərəfdən, bu rəqəm işğal olunmuş ərazilər haqqında daha aydın təsəvvür yaradır.
İşğal edilmiş torpaqlar ölkəmizin ümumi ərazisinin (86.6 min kv.km) 16,6 faizini təşkil edir. Anklav kəndləri də nəzərə alsaq, 20 faizə qədər hesab etmək olar. Bu da o deməkdir ki, son 30 il ərzində (1993-2023) 14.368 kv.km. torpağımız düşmənin istifadəsində olub. O cümlədən, Qarabağ ətrafındakı 7 rayonun 9980 kv.km. ərazisi vandalizmə məruz qalaraq yararsız vəziyyətə salınıb və minalanıb. Hazırda yuxarıda qeyd olunduğu kimi, azad edilmiş torpaqlar ümumi torpaq fonduna daxil edilərək ərazi bütövlüyümüz təmin edilib. Beləliklə, kənd təsərrüfatı sahəsi, əkinçiliyin və heyvandarlığın inkişafı, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni böyük imkanlar yaranıb. Hesablamalar onu göstərir ki, işğaldan azad edilmiş 14 368 kv.km. torpaq sahəsinin 90 faizi - 12931 kv.km-ni dağlar, meşələr, yollar, su tutarları, çaylar, örüşlər, şəhər və kəndlər altında olmaqla dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqlar, qalan 10 faizini xüsusi mülküyyətə verilən əkin sahələri təşkil edir. Aydın təsəvvür yaratmaq üçün 1436.8 kv.km. ərazini hektara çevirsək, 143 min 680 hektar edir.
Beləliklə, ölkəmizin əkin dövriyyəsinə 143 min 680 hektar torpaq sahəsi daxil olub. Həmin torpaqlarda hər il min tonlarla məhsul istehsalı mümkün olacaq. Əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi üçün onların özəlləşdirilməsi, torpağın və ümumilikdə aqrar islahatların həyata keçirilməsi zərurəti yaranib. Torpaqların pay hesabı ilə ailələrə verilməsi, şəhər və rayonlarda yaşayan qaçqınların öz yurdlarına qayıtmasına marağını artıracaq. Özəlləşdirilən torpaqlarda yeni təsərrüfar formaları (fermer təsərrüfatları) yaranacaq ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq.

Digər tərəfdən, torpağın qanunvericiliyə uyğun bölünməsi, sosial ədalət prinsipini də təmin edəcək. Aqrar islahatların aparılması üçün müvafiq qanunvericilik aktları mövcuddur, qanunlar qəbul edilib. “Torpaq islahatı haqında” qanunu və digər qanunları əldə rəhbər tutaraq aidiyyatı nazirliklər və baş idarələr bu həyati vacib məsələyə başlamalıdılar. Ölkəmizdə bu sahədə xeyli təcrubə var.
Kənd təsərrüfatı sahəsinin inkişafı ilə əlaqədar bir faktı da qeyd etmək lazımdır. Hazırda qlobal istiləşmə ilə əlaqədar su problemi yaranıb. Qarabağ zonasında mövcud olan Sərsəng su anbarı və digər su mənbələri problemin həllini əsasən təmin edəcək. Sərsəng su anbarı 550 milyon kub metrdən artıq su tutur. Əlbəttə, yazıda qeyd olunan fikirlər, təkliflər mənim subyektiv düşüncələrimdir. Həyat təcrübəmə istinadən onları qeyd etdim. Bəlkə də artıq islahatlar aparılır...
Ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətimizin siyasəti əsasən Qarabağ probleminin həllinə yönəlib. Şükür, o da müvəffəqiyyətlə həll olunur. Həyata keçirilmiş uğurlu neft strategiyası hesabına ölkəyə milyardlarla vəsait daxil oldu. Bu vəsaitlər imkan verdi ki, şəhərlər, kəndlər abadlaşsın, insanların maddi vəziyyəti yaxşılaşsın və güclu ordu yaransın. Şükür, bunu Allah bizə qismət etdi. Bundan sonra dövlətin daha geniş imkanları yaranacaq ki, cəmiyyətdə olan neqativ hallara qarşı xalqla birlikdə mübarizə aparıb, insanların maddi rifah halını daha da yüksəltsin. Mən buna inanıram.
Bu gözəl şəraiti bizə yaradan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tam sağalsın, Ali Baş Komandan başda olmaqla, Şanlı Ordumuz var olsun!
Azərbaycan xalqına eşq olsun!
Qarabağ Azərbaycandır!

Şərhlər