“Avropa liderləri ABŞ-ın dəstəyinin kəsiləcəyi təqdirdə Ukraynaya necə kömək edəcəklərini düşünürlər. Hazırda Kiyevin avropalı müttəfiqlərindən çox azı yaxın gələcəkdəki mümkün qələbə haqda ciddi danışırlar. İndi onlara Ukraynanın sağ qalması üçün real plan lazımdır”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrində dərc olunan məqalədə bildirilir.
“Washington Post”-a görə, son vaxtlar Avropada Donald Trampın ABŞ-da prezident postuna mümkün qayıdışı ilə bağlı narahatlıqlar artıb.
Qeyd olunur ki, ABŞ-dakı son sorğularda Tramp və Baydenin demək olar ki, bərabər səs nisbətinə sahib olması ilə birlikdə Avropa liderləri Trampın ikinci müddətdə prezident seçilə biləcəyini başa düşüblər.
Nəşr qeyd edir ki, Avropanın ABŞ-ın Ukraynaya yardımdan imtina edəcəyi təqdirdə yaranacaq boşluğu necə doldura biləcəyi barədə heç bir təsəvvürü yoxdur.
“Kiyevə göndərilən istənilən növ yardımın yarısını ABŞ edir. Optimist ssenariyə görə, Ukrayna 2024-cü ildə keçiriləcək seçkilərdən sonra da ABŞ-dan yardım ala biləcək. Lakin bu yardımlar daha kiçik həcmdə oalcaq. Əlbəttə, bu, Kiyev üçün böyük bir təhlükə deməkdir”,-deyə məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, Bayden Ukrayna üçün son 61,4 milyard dollarlıq hərbi yardımı Konqres vasitəsilə irəli sürməyi bacarsa belə, bu, kömək etməyəcək.
ABŞ nəşri qeyd edir ki, Kiyevin ən böyük müttəfiqləri gələcək illər üçün Ukraynaya silah tədarükünü təmin edəcək ikitərəfli sazişlər hazırlayır. Bu barədə bildirilir ki, Ukraynanın özünün Qərb silah istehsalçıları ilə birgə müəssisələr yaratmaqla hərbi sənayesini inkişaf etdirmək üçün iddialı planları var. Ukraynanın cəbhə xəttinə yaxın yerlərdə pilotsuz təyyarələr, zirehli maşınlar və döyüş sursatları istehsal edəcək yeni fabriklər inşa etmək istədiyi bildirilir.
Nəşrə görə, bu da tez nəticə verməyən uzunmüddətli bir strategiya olduğundan Ukraynaya kömək etməyəcək.
“Almaniya və Böyük Britaniya kimi ölkələrin pandemiyadan sonra ciddi maliyyə yükü yaranıb. Fransa Ukraynaya bəzi əsas silahları verib, lakin bu cür yardımların həcmi böyük deyil. Avropanın bəzi yerlərində Ukraynaya ictimai dəstəkdə də çatlar yaranıb ki, ABŞ öz yardımlarını azaltsa, bu çat daha da böyüyəcək. ABŞ dünyadakı mövqeyini qoruyub saxlamaq üçün Ukraynaya yardım edir. Amma bəzi amerikalılar üçün bu arqument öz qüvvəsini itirdiyindən Avropa “Ukraynanı necə xilas etmək olar?” sualı ilə üz-üzə qalıb. Cavabı qeyri-müəyyən olan bu məsələdə vaxt Putinin xeyrinə işləyir”, - deyə nəşr yekunlaşdırıb.
“AzPolitika.info”


Şərhlər