Fransanın Ermənistana istər iqtisadi, istərsə də hərbi yardımları yeni xəbər deyil, amma indi bu “yardımlar”ın yeni miqyas alması Parisin proseslərə təsir etmək arzusundan xəbər verir.
Bu fikirləri “AzPolitika.info” saytına hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib.
Xatırladaq ki, Tehranda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının görüşdüyü eyni gündə Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə səfərdə olub və burada Ermənistana HHM sistemləri və “Mistral” raketləri satılması barədə razılıq əldə olunub. Maraqlı bir məqam da var ki, Fransa NATO üzvüdür, Ermənistan isə KTMT üzvü. Belə bir halda, bu və digər təşkilatın digər üzvlərinin reaksiyası necə olacaq. Və yaxud, qaydalara görə, necə olmalıdır?
Ramil Məmmədli bildirir ki, qaydalara görə, NATO-da düşmən görülən təşkilat və ya tərəflərə silah satılması, habelə ikili təyinatlı malların tədarücü qadağandır. “Amma davamlı olaraq, bu və digər tərəflər bu qaydaların üstündən keçirlər. Nəticədə, hansısa ərəb ölkəsində, İranda və ya Rusiyada ikilitəyinatlı məhsullar, habelə, NATO silahları da peyda ola bilər. Ermənistana silah tədarükü isə yeni xəbər deyil. Sadəcə, bu, indi daha böyük miqyasda önə çıxır”.
Onun fikrincə, Fransanın Qranada sammitindəki uğursuz fəallığından və regiona Qərb kontingenti gətirmək üçün cəhdlərindən sonra, sözügedən silah tədarükü razılaşması yeni həmlə sayılmalıdır. “Fransa regiona “oyunçu” kimi daxil olmaq üçün yeni həmlə edir. Bir sözlə, rəsmi Paris Azərbaycan və Ermənistan arasındakı məsələlərin həllində öz iştirakının vacibliyini də vurğulamağa çalışır. Lakin düşünürəm ki, nə Rusiya, nə də Türkiyə buna imkan verməyəcəklər. Çünki regiona yeni “oyunçu”nun daxil olması bölgə dövlətləri üçün heç də ürəkaçan amil deyil. Düzdür, Türkiyə də NATO üzvüdür, lakin rəsmi Ankara bir sıra mühüm məqamlarda müstəqil xətt yürüdür və bölgədəki sabitliyi qorumağa çalışır. Təəssüflər olsun ki, digər Qərb ölkələrindən bu səviyyədə obyektiv yanaşma hələlik müşahidə olunmur”, - deyə R.Məmmədli qeyd edib.
Onun fikrincə, Nikol Paşinyan hökuməti də Rusiyanın Ermənistana təsirini azaltmaq üçün bəzi manevrlər etməyə çalışır: “Lakin bu manevrlər bu hakimiyyətin özü üçün də təhlükəli ola bilər. Çünki Rusiyanın Ermənistandakı dayaqları yetərincə möhkəmdir və bu dayaqlar bir aya və yaxud bir ilə qurulmayıb”.
Rüfət Əhmədzadə
AzPolitika.info


Şərhlər