“Ukrayna, Yaxın Şərq müharibələri davam etdiyi bir vaxtda Azərbaycanın tarixi qələbəsi dünyanın gərginlik ocaqlarından biri hesab edilən Cənubi Qafqazda bütün dəngələri dəyişdi. Dünənədək bizə yan baxan yaxın və uzaq qlobal güclər də yanaşma prinsiplərinə əsaslı redaktələr etməyə məcbur oldular”.
“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.
“Lakin indi o mərhələdir ki, Avropa Parlamenti, Avropa Şurası, ayrıca Fransa, hətta ABŞ-nin ayrı ayrı-konqresmenləri də ermənilər qarşısında son kozlarını oynayırlar və real nəticə əldə etməyəcəklərini də yaxşı bilirlər. Fransanın göndərəcəyi və aylar sonra İrəvana çatacaq silahlar da Azərbaycan üçün təhlükə deyil, amma nəzərə almalıyıq”, - ekspert əlavə edib.
İ.İsmayıl hesab edir ki, Ermənistanda hələ uzun müddət revanşist əhval-ruhiyyə qalacaq, zaman-zaman da hakimiyyət uğrunda mübarizə aparan qüvvələr “artsaxa qayıdacağıq” şüarları ilə siyasət quracaqlar, təzyiq vasitəsi kimi terror törədəcəklər.
“Bilirik və hazırıq”, - ekspert qeyd edib.
Sülh müqaviləsinin imzalanmaq ehtimalı nə dərəcədə mümkündür? Əgər ayın sonunda Brüssel görüşü baş tutarsa, sülh müqaviləsinin imzalanması tezliklə reallaşa bilərmi?
İ.İsmayıl bu suallara cavabında deyir ki, Lavrovun Tehrandakı açıqlamalarından bu nəticəyə gəlmək olar ki, Rusiya delimitasiya xəritəsinə əsaslanaraq sülhdən əvvəl sərhəd məsələlərini, anklav kəndlərin problemini həll edilməsini istəyir. Sülh müqaviləsinin də öz vasitəçiliyi ilə imzalanmasına çalışacaq.
“Bu proses Paşinyanın ürəyincə olmasa da, ölkə daxilindəki gərginliyi azaltmaq məqsədilə zamanı bir qədər də uzatmağa cəhd edəcək. Tehrandakı görüşdən sonra, bu, heç də asan başa gəlməyəcək. Azərbaycan isə həmişəki kimi nəyi, nə vaxt edəcəyini yaxşı bilir”, - İ.İsmayıl vurğulayıb.
“AzPolitika.info”


Şərhlər