Menu

Məşhur rus oliqarx ayda 30 min funt-sterlinq istəyirdi... – Britaniya məhkəməsi Fridmanın iddiasını rədd etdi

27.10.2023, 14:11
Məşhur rus oliqarx ayda 30 min funt-sterlinq istəyirdi... – Britaniya məhkəməsi Fridmanın iddiasını rədd etdi

Londonun Ali Məhkəməsi oktyabrın 26-da sanksiyaya məruz qalmış rusiyalı oliqarx Mixail Fridmanın iddiasını rədd edib. Fridman dondurulmuş vəsaitlərindən Londondakı malikanəsini saxlamaq üçün icazə verilməsini istəyirdi.

59 yaşlı iş adamı iddianı səlahiyyətli şəxslərin ona aylıq 30 min funt sterlinq ödəməyə icazə verməməsindən sonra qaldırıb.

Fridmanın “Athlone House” əmlakının saxlanması xərclərini ödəmək tələbi Britaniya Maliyyə Sanksiyaları Təşkilatı tərəfindən rədd edilib. Təşkilat hesab edib ki, iş adamı malikanənin saxlanmasına pul xərcləmək imkanı əldə etsə, o, sanksiyaların tətbiqindən əvvəlki həyat tərzini davam etdirə biləcək.

Ali Məhkəmənin hakimi Puşpinder Sani Sanksiyalar Bürosunun arqumentləri ilə razılaşıb və qadağanın ləğvinin məhdudiyyətlər rejimini pozacağına qərar verib.

Qeyd edək ki, Rusiyanın “Alfa-Bank”ın həmtəsisçisi olan Mixail Fridman ABŞ, Aİ və Böyük Britaniyanın sanksiyaları altındadır.

Fridman Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləməsə də, Rusiya hakimiyyətinin hərəkətlərini qınamayıb. Onun adı müharibə haqqında ictimaiyyətə açıqlama verməyən, lakin Müdafiə Nazirliyi ilə müqavilələrdən pul qazanmağa davam edən oliqarxlarla bağlı araşdırmada keçir.

Britaniya hökuməti Fridmanı Vladimir Putinlə yaxın əlaqələri olan “Kremlpərəst oliqarx” adlandırıb. Fridman bunu təkzib edir.

Oktyabrın 9-da Mixail Fridman Böyük Britaniyadan İsrailə köçdüyünü bildirib. Lakin orada başlayan hərbi əməliyyatlara görə hazırda Moskvada olduğunu və gələcəkdə mütəmadi olaraq Rusiyaya səfər etmək niyyətində olduğunu açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol